Müğənni Rəqsanə İsmayılovanın barəsində olan həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayətinə baxılıb.
Yurd.Media Teleqraf-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə Rəqsanə İsmayılovanın şikayəti təmin edilməyib, onun barəsində olan 4 ay həbs qətimkan tədbiri qüvvədə qalıb.
Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.
Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub.
Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.