“Avto-Qarant” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin bir qisminin üzərinə həbs qoyulub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində qəbul edilmiş qərara görə, vurulmuş maddi zərər görə 49 740 manat pul vəsaiti və 456 manat dövlət rüsumu təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı olan tələbkar ödənilməsi, mülki iddianın qalan hissədə baxılmamış saxlanılması qərara alınıb.
İcra orqanının Milli Depozit Mərkəzinə verdiyi sorğu əsasında məlum olub ki, “Avto-Garant" ASC-də hər birinin nominal dəyəri 2 manat olan 60759 ədəd səhmi mövcuddur.
Nizami Rayon İcra Şöbəsinin böyük icra məmurunun təqdimatına əsasən ASC-də bütün bu səhmlərin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsi xahiş edilib.
Nizami Rayon Məhkəməsi tərəfindən təqdimat qismən təmin olunub, ASC-yə məxsus hər birinin nominal dəyəri 2 manat olan 25098 ədəd adi adlı səhmin üzərinə həbs qoyulub.
Qeyd edək ki, “Avto-Qarant” ASC-də payı olan keçmiş deputat Nazim Bəydəmirli ötən il hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib. Bəydəmirliyə verilən ittihamlardan biri özünün də pay sahibi olduğu “Avto-Qarant” ASC ilə bağlı olub. İttihamda göstərilib ki, eks-deputat bu şirkətin Müşahidə Şurasının sədri Ədalət Bağırovu müxtəlif qadınlarla intim görüntülərini internetdə yaymaqla hədələyib, ondan 50 min manat pul tələb eləyib. Bir müddət sonra ondan 10 min manat pul alıb.
