Bakıda qadın işlədiyi evdən hissə-hissə 60 min manatlıq qızıl oğurladı.
Yurd.Media xəbər verir ki, Xətai rayonundakı evlərdən birində külli miqdar dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Zərərçəkən polisə müraciət edərək evindən 60 000 manat dəyərində qızıl-zinət əşyasının qeyri-aşkar şəraitdə oğurlandığını deyib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla cinayət əməlini törətməkdə şübhəli bilinən 52 yaşlı Mənşurə Əliyeva müəyyən olunaraq tutulub. Araşdırmalarla həmin şəxsin dayə kimi çalışdığı evdən son 3 ay ərzində hissə-hissə qızıl-zinət əşyalarını oğurladığı məlum olub.
Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq araşdırmaları davam etdirilir.