Bakıda gecə klubunda adam öldürməkdə təqsirli bilinən şəxsin məhkəməsi baş tutub.
Yurd.Media-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən Həsən Məcidov ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilmədiyini bildirib: "Mən özümü təqsirli bilmirəm. Özümü müdafiə etmişəm".
Xatırladaq ki, hadisə 2026-cı ilin yanvarın 1-i gecə 2 radələrində Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Purple Karaoke Bar” gecə klubunun qarşısında qeydə alınıb. Belə ki, 36 yaşlı Həsən Məcidovla 32 yaşlı Emil Rəcəbli arasında klubda mübahisə yaranıb. Daha sonra obyektin qarşısında H.Məcidov E.Rəcəblini bıçaqlayıb. Ağır xəsarət alan E. Rəcəblinin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən H.Məcidov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.