Bakıda məşhur restoranın qabağında baş verən dava və polisə müqavimət göstərən şəxslər məhkəmə qarşısına çıxarılıb.
Yurd.Media Teleqraf.az-a istinadən xəbər verir ki, Cəmşid Naxçıvanski küçəsindəki "Xarı Bülbül" restoranının bir qrup şəxs arasında başlayan mübahisə sonradan əlbəyaxa davaya çevrilib. İnsident zamanı tərəflər bir-birlərinə qarşı qeyri-etik və nalayiq ifadələr işlədərək səs-küy salıblar.
Əraziyə cəlb olunan polis əməkdaşları tərəfləri intizama dəvət etsələr də, onlardan biri - 1981-ci il təvəllüdlü Naxçıvan sakini Kənan Babayev (ad və soyad şərti olaraq qeyd edilib - red.) hüquq-mühafizə orqanı işçilərinin qanuni tələblərinə müqavimət göstərib.
Həmin şəxs saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib olunub.
Nizami Rayon Məhkəməsi tərəfindən həmin şəxsə 15 sutka müddətinə inzibati həbs cəzası verilib.