“Grand-Agro” Məhdud Məsuliyyətli Cəmiyyətində yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Fərid Axundzadə “Grand-Agro” MMC-də İnzibati departamentin direktoru vəzifəsinə təyin olunub.
O, yeni vəzifəsindən əvvəl şirkətdə Satınalma və Təchizat Zəncirinin İdarə Edilməsi şöbəsinin rəhbəri olub. O, 2024-cü ilin avqustundan 2026-cı ilin iyulunadək bu vəzifəni icra edib.
F. Axundzadə bundan əvvəl, 2023-cü ilin oktyabrından 2024-cü ilin iyulunadək SOCAR-STP MMC-də satınalma meneceri vəzifəsində çalışıb.
O, 2020-ci ilin martından 2023-cü ilin martınadək isə Technicon FZCO və VITO Construction Group Company-də satınalma meneceri kimi fəaliyyət göstərib.
Yeni vəzifəsində Fərid Axundzadə satınalma və təchizat zəncirinin idarə edilməsi, anbar təsərrüfatı, hüquqi məsələlər və uyğunluq, dövlət qurumları ilə əlaqələr, eləcə də inzibati fəaliyyət istiqamətlərini əhatə edən sahələrə rəhbərlik edəcək.
Qeyd edək ki, "Grand-Agro" MMC, Azərbaycanın və Qafqazın ən böyük kənd təsərrüfatı qruplarından olan "Agro Food Investments" (AFI) şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir, ölkənin ən böyük zeytun və badam bağları operatorudur. 2017-ci ildə təsis edilmiş şirkət, Abşeron yarımadasında (Qala, Türkan, Hövsan, Zirə, Ramana) yararsız və daş karxanaları sahələrini təmizləyərək müasir aqrar komplekslərə çevirmişdir. Nizamnamə kapitalı 156 milyon manat olan şirkətin rəhbəri Rövşən Mahmudovdur.