Son günlər bəzi bölgələrdə dabaq xəstəliyinin yayılması süd və ağartı məhsulları bazarına da təsir edib.
Yurd.Media xəbər verir ki, xəstəliyin bir sıra təsərrüfatlarda yayılması nəticəsində bəzi kəndlərdə süd yığımı azalıb, bu da bazarlarda ağartı məhsullarının qıtlaşmasına səbəb olub.
İsmayıllıda satıcılar "Xəzər Xəbər"ə deyirlər ki, xüsusilə süd, qaymaq və pendir kimi məhsullara maraq xeyli azalıb.
“Satış dayanıb. Alıcılar qorxur, deyir xəstəlik keçər. Əvvəl gündə 10 kilo satırdıq, indi 2 kilo belə çətin gedir,” – deyə satıcı bildirir.
Qiymətlərdə ciddi dəyişiklik olmasa da, alıcı sayı azalıb:
“Hazırda şor 2 manata, pendir 10 manata, qoyun-keçi pendiri 10–12 manata, motal pendiri isə 10 manata satılır”.
Oxşar vəziyyət Tovuz rayonunda da müşahidə olunur. Satıcılar kənd südünə və təbii ağartı məhsullarına tələbatın azaldığını deyirlər:
“Qatıq 2 manata düşdü, amma satılmır. Camış pendiri 7–8 manat, qoyun pendiri 10 manat, şor 2–3 manat arasıdır, süd və qatıq isə 1–2 manat civarındadır”.
Satıcıların fikrincə, vəziyyət sabitləşdikdən sonra bazarda inam yenidən bərpa olunacaq. Hazırda əsas gözlənti – dabaq xəstəliyinin nəzarət altına alınması və kənd təsərrüfatında vəziyyətin normallaşmasıdır.