Bu il Çindən gətirilən ipəkqurdu toxumları Qax, Zaqatala, Zərdab və Naxçıvanda inkubasiya olunacaq. Prosesin əsas mərkəzi isə Qax Damazlıq İpəkçilik Stansiyasıdır.
Yurd.Media xəbər verir ki, Qax Damazlıq İpəkçilik Stansiyanın direktoru Əkrəm Fətəliyev AzTv-yə açıqlamasında bu il yerli istehsal hesabına 1000 qutu ipəkqurdu toxumunun hazırlandığını, əlavə olaraq 5000 qutunun isə Çindənidxal edildiyini bildirib.
Qeyd edək ki, ipəkqurdu toxumlarının inkubasiyası iki üsulla – daimi və tədrici formada həyata keçirilir. Hava şəraiti normal olduqda inkubasiya 14 dərəcə temperaturda aparılır və 12 gün ərzində ipəkqurdları dirildilərək kümçülərə paylanır. Əgər hava şəraiti qeyri-sabit olarsa, tut yarpağının – ipəkqurdunun əsas yem bazasının – daha keyfiyyətli inkişafını təmin etmək məqsədilə temperatur hər gün bir dərəcə artırılır. Bu halda ipəkqurdunun dirildilməsi prosesi 3-4 gün gecikdirilir. Sözügedən proses son dərəcə həssasdır və bu mərhələdə havanın temperaturu və nəm səviyyəsi daxil olmaqla bütün amillərə xüsusi diqqət yetirilməlidir.
İnkubasiya prosesi başa çatdıqdan sonra ipəkqurdları əvvəlki illərdə olduğu kimi 40 rayonun kümçülərinə paylanılacaq və ipəkqurdlarının bəslənilməsinə başlanılacaq. Bu mərhələdə də Qax Damazlıq İpəkçilik Stansiyası kümçülərə lazımi dəstəyi göstərəcək.
Stansiyanın nəzdində yem bazası kimi istifadə olunmaq üçün 3 hektar ərazi ayrılıb. Bu ərazidə Çindən gətirilmiş 3000 ədəd çəkil ağacı əkilib. Bu ağacların yarpaqları həm stansiyada yetişdirilən ipəkqurdlarının qidalanmasında istifadə olunur, həm də digər kümçülərə paylanır.
İpəkqurdlarının kümçülərə paylanması aprelin 30-da aran rayonlarında, mayın 5, 6-da isə dağlıq və dağətəyi rayonlarda həyata keçiriləcək. Bu il 6000 qutu ipəkqurdu toxumundan 250-300 ton barama istehsalı gözlənilir.