SÜJET

Kiberdələduzluq Qeyri-sabit hava Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
Ekspert: Xarici ölkələrdə yeni satış bazarları tapmaq lazımdır

Ekspert: Xarici ölkələrdə yeni satış bazarları tapmaq lazımdır

Bu ilin birinci rübündə Azərbaycanın neft-qaz sektoru üzrə cari əməliyyatlar balansı 3,8 milyard dollar profisitli, qeyri-neft-qaz sektoru üzrə isə 2,7 milyard dollarlıq kəsrlidir. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft-qaz sektorunda cari əməliyyatlar balansının kəsiri 43,9% artıb. Nəticədə qeyri-neft-qaz sektorunda cari əməliyyatlar balansının kəsiri son 11 ildə ən yüksək səviyyəyə çatıb.

İqtisadçı ekspert Elçin Məmmədov "Yurd.Media"ya yaranmış vəziyyəti şərh edərək bildirib ki, kəsiri azaltmaq və ya ümumiyyətlə aradan qaldırmaq üçün ölkə iqtisadiyyatının qeyri-neft sektorunda istehsal olunan ixrac yönümlü malların istehsalını genişləndirmək, bu mallar üçün xarici ölkələrdə yeni satış bazarları tapmaq və ümumilikdə ölkədə istehsal olunan qeyri-neft məhsullarının keyfiyyət və kəmiyyətini artırmaq lazımdır:

"Əgər Azərbaycan istehsalçıları xarici rəqiblərinə münasibətdə eyni keyfiyyətdə olan məhsulları daha aşağı resurs sərf etməklə və ya eyni resurs xərcləməklə daha keyfiyyətli məhsul istehsal edə bilsələr, onlar həm müvafiq mal kateqoriyaları üzrə idxaldan asılılığı azalda, həm də ixrac həcmlərini artıra bilərlər".

Neft-qaz sektorunda yaranmış profisitin iqtisadiyyatın ümumi inkişafına təsiri barədə danışan ekspert bildirib ki, Azərbaycanın ixracatının əhəmiyyətli hissəsini neft-qaz məhsulları təşkil edir, bu məhsullar üzrə ixracın idxaldan çox olması bilavasitə xarici ticarət balansının profisitlə bağlanmasına şərait yaradır:

"Xarici ticarət balansı isə öz növbəsində ümumi daxili məhsulun (ÜDM) bir hissəsidir və bu balansda yaranmış profisit ÜDM-nin artmasına müsbət tövhə verir. Xarici ticarət balansında yaranmış profisit həmçinin ölkənin xarici valyuta ehtiyatlarının və aktivlərinin artmasına təkan verərək milli valyutanın məzənnəsinin stabil saxlanmasında mühüm rol oynayır. Eyni zamanda, bu ehtiyatların bir hissəsi ölkədə aparılan iri infrastruktur və digər investisiya layihələrinin həyata keçirilməsi üçün tələb olunan və xaricdən idxal olunan avadınlıqların alınması üçün istifadə edilir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq, demək olar ki, neft-qaz sektorunda yaranan xarici ticarət profisiti ölkəmizin iqtisadiyyatının artım templərinə müsbət təsir göstərir". 

E.Məmmədov bildirib ki, qeyri-neft sektoru mal və xidmətlərinin ixracının idxaldan az olması bu sektorda xarici ticarət balansının kəsirlə bağlanmasına səbəb olur:

"2025-ci ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft sektorunun ixracının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,6% artaraq 1,4 milyard ABŞ dolları, qeyri-neft sektorunun idxalı isə 41,2% artaraq 9,3 milyard ABŞ dolları təşkil etmişdir. Nəticədə qeyri-neft sektorunun xarici ticarət kəsiri 2025-ci ilin ilk 5 ayında əvvəlki ilin ilk 5 ayı ilə müqayisədə 48,2% artaraq 7,9 milyard ABŞ dollara çatmışdır. Qeyri-neft sektoru üzrə idxal olunan əsas mal qruplarının dəyərində kəskin dəyişmə müşahidə edilməsə də, qiymətli metallar qrupuna aid malların idxalı 2025-ci ilin yanvar-may aylarında 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 64 dəfə artaraq 2,96 milyard ABŞ dolları təşkil etmişdir ki, bu da qeyri-neft sektoru mallarının ümumi idxalında təxminən 32 faiz təşkil edir".

O qeyd edib ki, bu göstərici əvvəlki ilin müvafiq dövründə cəmi 1 faiz təşkil edirdi. 

Prime Leasing