Azərbaycanda sənaye zonalarının genişləndirilməsi prosesi bu ilin əvvəlindən etibarən sürətlə davam edir.
Yurd.Media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycandakı sənaye zonalarında 16 yeni müəssisənin fəaliyyətə başlaması, daha 2 müəssisənin təməlinin qoyulması planlaşdırılır.
"Artıq yanvar ayında Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında iki müəssisənin açılışını edib, bir müəssisənin təməlini qoyub. Dövlət başçısının sənaye zonalarının inkişafına göstərdiyi diqqət və dəstək bu sahənin ölkənin iqtisadi siyasətində prioritet istiqamətlərdən olduğunu bir daha təsdiq edir. Əsas məqsəd sənaye zonalarını ölkə iqtisadiyyatının uzunmüddətli və dayanıqlı inkişafını təmin edən strateji mərkəzlərə çevirməkdir. Hazırda agentlik bu istiqamətdə fəaliyyətini aktiv şəkildə davam etdirir", - S.Adıgözəlov qeyd edib.
O vurğulayıb ki, hazırda Azərbaycanın sənaye sonalarında istehsal olunan məhsullar 70-dən artıq ölkəyə ixrac olunur:
"Sənaye zonaları Azərbaycanın qeyri-neft-qaz iqtisadiyyatında strateji əhəmiyyətini artırıb. Ötən il qeyri-neft-qaz sənaye məhsullarının istehsalında sənaye zonalarının payı 19,1 %, qeyri-neft-qaz ixracında isə 33,9 % təşkil edib. Bu göstəricilər sənaye zonalarının qeyri-neft-qaz iqtisadiyyatında əsas dayaqlardan birinə çevrildiyini göstərir".
Bundan başqa, sədr deyib ki, ötən il sənaye zonalarında istehsalın ümumi dəyəri əvvəlki illə müqayisədə 21,1 %, ixracın dəyəri isə 13,4 % çox olub.