Azərbaycana və onun ambisiyalarına heyran olmaq olar. Ölkə çox aydın bir vizyonla - bu ölkədə fəaliyyət göstərən hər bir vətəndaşa və hər bir şirkətə görünən bir vizyonla - resurslarla zəngin ölkədən daha diversifikasiya olunmuş, bilik tutumlu iqtisadiyyata və innovasiyaya əsaslanan mərkəzə çevrilir.
Yurd.Media xəbər verir ki, bunu "Philip Morris International" şirkətinin MDB üzrə Xarici Əlaqələr direktoru Aleksey Kim "Dayanıqlılıq və enerji transformasiyası" mövzusunda Bakıda keçirilən "Technovation" Forumunda bildirib.
O bildirib ki, Azərbaycan sözlə deyil, əməllə sübut edib ki, dəyişikliyə və transformasiyaya açıqdır:
"Qabaqcıl texnologiyanın təbii resurslardan çox-çox kənarda səhiyyədən infrastruktura, hətta sonradan təmiz enerji transformasiyasına qədər sahələri formalaşdıraraq hər kəsin xeyrinə inkişaf etdirilə biləcəyini görən ölkənin liderləri oldu".
O qeyd edib ki, 2008-ci ildən etibarən PMİ, siqaret çəkən yetkin şəxslər üçün alternativ innovativ tüstüsüz məhsulları inkişaf etdirmək, onların elmi əsaslarını təstiqləmək və kommersiyalaşdırmaq məqsədilə 16 milyard ABŞ dollarından çox investisiya qoyub:
"Məqsəd isə siqaret satışını dayandırmaqdır".
Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov isə Forum zamanı çıxışında bildirib ki, bərpa olunan enerji ətraf mühit üçün faydalı və təbii qazı əvəz etsə də, lakin eyni zamanda bahadır.
Eyni zamanda o qeyd edib ki, artıq belə stansiyaların səmərəliliyi 30 % artıb, 2027-ci ilə qədər 1,5 milyard kubmetr təbii qaza qənaət ediləcək:
"Biz müəyyən mənada, sanki yeni "Abşeron" qaz yatağını kəşf etdik. Bu iki giqavat bərpa olunan enerjini şəbəkə sisteminə inteqrasiya etmək üçün xərclər çox böyükdür", - o qeyd edib.

Forumda Azərbaycanın süni intellekt infrastrukturu ilə bağıl danışan İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bildirib ki, hazırda iqtisadiyyatlar yalnız ümumi daxili məhsulla deyil, həm də ümumi data məhsulları ilə ölçülür:
"Daha çox dataya və əlaqəliliyə malik olan ölkələr bazarda güclü hesab olunur. Süni intellekt iqtisadiyyatının 2040-cı ilə qədər qlobal iqtisadiyyata təqribən 22 trilyon ABŞ dolları töhfə verəcəyi proqnozlaşdırılır. 2025-ci ildə qlobal süni intellekt iqtisadiyyatının dəyəri 260 milyard ABŞ dolları olaraq qiymətləndirilib. Bu artıq sadəcə bir sektor deyil; bu, əhəmiyyətli bir iqtisadiyyatdır".