SÜJET
Qubada 12 yaşayış məntəqəsini əhatə edən avtomobil yolu yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən başlanğıcını Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 137-ci km-dən götürən Çiçi-Səbətlər-Qənidərə-Sırt Çiçi-Təngəaltı avtomobil yolunun yenidən qurulmasına işlərinə başlanılıb.
Bu barədə Yurd.media-ya AAYDA-dan məlumat verilib.
7 minə yaxın əhalinin istifadə etdiyi Çiçi-Səbətlər-Qənidərə-Sırt Çiçi-Təngəaltı avtomobil yolunun uzunluğu 36.3 km təşkil edir. 12 yaşayış məntəqəsini əhatə edən avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir, yolların eni 10 metrə qədər genişləndirilir.