Binə sakinləri bu yolu 20 dəqiqəyə keçir - VİDEO

Binə sakinləri bu yolu 20 dəqiqəyə keçir - VİDEO

Bakı

Binə qəsəbəsinin mərkəzində, yerli əhali arasında “Kənd bazarı” kimi tanınan ərazinin qarşısındakı küçədə nəqliyyat sıxlığı və piyadalar üçün təhlükəsizlik problemi gündəmdədir.

Yurd.Media xəbər verir ki, xüsusilə səhər və axşam saatlarında bu ərazidə ciddi sıxlıq yaranır. Sakinlərin "İctimai TV"yə bildirirlər ki, bu, əsasən uşaqlar və yaşlı insanlar üçün böyük çətinliklər yaradır.

Mövcud piyada zolağı piyadaların təhlükəsizliyini təmin etməkdə aciz qalır. Sakinlər hesab edirlər ki, ərazidə yerüstü və ya yeraltı keçid inşa edilməlidir. Onların fikrincə, belə bir keçid məktəblilərin və digər piyadaların təhlükəsiz və rahat şəkildə hərəkətini təmin edə bilər.

“Axşam saat 16:00-dan sonra bu yoldan keçmək üçün 20 dəqiqə kifayət etmir. Uşaqlar məktəbə getməkdə çətinlik çəkir, böyüklər də uzun müddət yolda qalır. Maşınların sayı çoxdur, basa-bas yaranır”, – deyə bir sakin bildirib.

Digər sakinlər isə əlavə edirlər ki, nəqliyyat sıxlığı yalnız piyadalar üçün deyil, sürücülər üçün də ciddi problemlər yaradır: “Qırmızı işıqda gözləyirik, amma keçmək mümkün olmur. Nə piyada rahat hərəkət edə bilir, nə də sürücülər. Ən azından bir keçid olsa, hər kəs yoluna rahat davam edə bilər.”

Məsələ ilə bağlı Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyinin sözçüsü Anar Nəcəfli bildirib ki, belə hallarda sakinlər rəsmi qaydada müraciət etməlidirlər. Müraciət əsasında ərazidə müşahidə aparılır və zərurət yaranarsa, yeni keçidin salınması ilə bağlı qərar qəbul olunur.

Qeyd edək ki, rəsmi müraciət üçün agentliyin rəsmi saytına daxil olaraq müvafiq bölmədə ərizə forması doldurulmalıdır.