SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vuruldu - FOTO

Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vuruldu - FOTO

  • 09 noyabr 2025, 10:27

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 Oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə sentyabrın 27-dən noyabrın 8-dək keçirilən həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol Turniri başa çatıb.

Yurd.Media xəbər verir ki, bununla əlaqədar noyabrın 8-də Bakı Tennis Akademiyasının stadionunda final görüşü keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, ardınca Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Həlledici mərhələdə meydana AzTV ilə “Veteranlar” çıxıb. Televiziya təmsilçiləri daha inamlı oyun nümayiş etdirərək turnirin çempionu adını qazanıblar - 3:1.

Sonra mükafatlandırma və bağlanış mərasimi olub.

Tədbirin təşkilatçısı jurnalist Əsgər İbrahimov bildirib ki, Ardanış Futbol Məktəbinin və “Rakus.az” saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi, “Yurd.Media”, AzTV, “Baku TV”, “Real TV”, Azərtac, APA,  agentliklərinin və BAKU.WS portalının informasiya dəstəyi ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşlarında canlarını fəda etmiş mərd mübarizlərin, eləcə də 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın əziz xatirəsini anmaq, yeni nəslin sağlam ruhda, vətənpərvər böyüməsinə töhfə verməkdir.

İldə bir dəfə təşkil olunan turnirdə bu il 12 komanda – “Yurd.Media”, AzTV, “Baku TV”, “Real TV”, “İctimai TV”, Azərtac, APA, Baku.WS, “Vətən”, “Veteranlar”, “Zəfər 44”, “Dəmir Yumruq” mübarizə aparıb. Medianı 8 komanda təmsil edib.

Çıxış edənlər turnirin əhəmiyyətindən danışıb, yarışların yüksək səviyyədə qaydalara uyğun keçdiyini bildirib.

Xatirə turnirində “Ən yaxşı oyunçu”, “Ən çox qol vuran”, “Ən yaxşı qapıçı” və “Nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr təqdim edilib.

Turnir hər birində 3 komanda olmaqla 4 qrupdan ibarət olub. Dairəvi sistemlə keçirilən mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 1/4 finala yüksəlib. Bu oyunlarda iştirak edən 8 komandadan qalib gələn 4 kollektiv yarımfinala çıxıb. Qruplar üzrə qalib komandalar finalda, məğlublar isə 3-cü yer uğurunda qarşılaşıb.

Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 20 dəqiqə olmaqla iki hissədən ibarət olub. AFFA hakimlərinin idarə etdiyi turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunub. Komandalar 12-14 nəfərlik heyətdən formalaşıb.

Prime Leasing
SPE Annual Caspian