Azərbaycan Premyer Liqasının 29-cu turunda iki oyun keçirilib .
Yurd.Media xəbər verir ki, əvvəlcə “Şamaxı” və “Kəpəz” komandaları üz-üzə gəlib.
Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi görüşdə “şirlər”in qollarını Rikardo Apolinario (68-ci dəq.) və Andrey Tirkoveanu (75-ci dəq.) vurublar.
Bu nəticədən sonra Ayxan Abbasovun komandası xallarını 35-ə çatdıraraq turnir cədvəlinin 8-ci, Azər Bağırovun kollektivi isə 21 xalla 10-cu pillədə qərarlaşıb.
Günün növbəti qarşılaşmasında “Neftçi” “Qarabağ”ı qəbul edib. “Palms Sport Arena”da baş tutan qarşılaşmada "Qarabağ" 5:1 hesabı ilə qələbə qazanıb.
Ağdam təmsilçisinin qollarını 9 və 32-ci dəqiqələrdə Musa Qurbanlı, 38-ci dəqiqədə Joni Montiel, 68-ci dəqiqədə Leandro Andrade, 90+3-cü dəqiqədə Emmanuel Addai vurub.
Meydan sahiblərindən isə 21-ci dəqiqədə Elvin Bədəlov adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 59-a çatdıran "Qarabağ" ikinci pillədə qərarlaşıb. "Ağ-qaralar" 44 xalla beşinci sıradadır.
Ötən gün "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Qəbələ" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib - 1:1.