SÜJET
Azərbaycan Premyer Liqasının 35-ci turunda səfərdə “Şamaxı”ya 1:0 hesabı ilə qalib gələn “Araz-Naxçıvan” klubu növbəti mövsüm UEFA Konfrans Liqasına vəsiqəni təmin edib. Naxçıvan təmsilçisi qələbə sayəsində xalını 58-ə çatdıraraq 4-cü sırada qərarlaşan “Turan Tovuz”dan 6 xal önə keçib və çempionatda 3-cü yeri təmin edib.
Beləliklə Azərbaycan futbol tarixində ilk dəfə Naxçıvan klubu UEFA turnirində iştirak edəcək.
Yurd.Media-nın apardığı araşdırmaya görə, “Araz-Naxçıvan” Avrokuboklarda Azərbaycanı təmsil edəcək 11-ci bölgə klubu olacaq.
Təbii ki, bölgə adından çıxış edən komandaların içində ən uğurlu Ağdamın “Qarabağ” klubudur. 1996/97-ci ildən Avrokuboklarda çıxış edən “Köhlən atlar” ümumilikdə 190 oyun keçiriblər - 70 qələbə qazanıblar, 46 heç-heçə ediblər, 74 dəfə məğlub olublar.
"Qarabağ" - "Rusenborq" (2009)
Region klublarından ikinci uğurlu nəticə Qəbələnin eyniadlı klubuna məxsusdur. UEFA Avropa və Konfrans liqalarında çıxış etmiş “Qəbələ” 42 oyun keçirib, onlardan 11-də qələbə, 7-də heç-heçə, 24-də məğlub olub.
İlk beşlikdəki digər klublardan “Xəzər Lənkəran” (Lənkəran) 18 oyun (2 qələbə, 7 heç-heçə, 9 məğlubiyyət), “Kəpəz” (Gəncə) 14 oyun (2 qələbə, 1 heç-heçə, 11 məğlubiyyət), “Şəmkir” 10 oyun (1 qələbə, 9 məğlubiyyət) keçiriblər.
UEFA bayrağı altında yarışlarda iştirak edən Karvan (Yevlax), MTK Araz (İmişli), “Simurq” (Zaqatala), Turan (Tovuz) və Viləş (Masallı) 10-dan az oyun keçirib.
Beləliklə, ilk 2 klubu nəzərə almasaq 8 bölgə klubu 20 il ərzində Avrokuboklarda cəmi 8 qələbə qazanıb.
Beynəlxalq turnirlərdə çıxış edən bölgə klublarımızın sayı artsa da onların əksəriyyəti hələ də oyunlarını Bakıda keçirməyə məcburdur. “Araz-Naxçıvan” da bu siyahıda istisna deyil.
Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov klubun Konfrans Liqasına vəsiqə qazanması ilə bağlı açıqlama verərkən yaxın gələcəkdə Naxçıvanda oynayacaqlarına ümidvar olduğunu deyib:
“Artıq gələn mövsümdən "Araz-Naxçıvan"ın heyətində 50 faiz dəyişiklik olacaq ki, komandamız avrokubokda daha uğurlu çıxış etsin. Naxçıvan stadionunda da işlərimiz başlayıb. Layihə hazırlanır. Ümidvaram ki, yaxın gələcəkdə Naxçıvanda oynayacağıq", - Z.Axundov bildirib.