İlk xəbər 20:35
Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olan Azərbaycanın yunan-Roma güləş millisi Vətənə qayıdıb.
Yurd.Media xəbər verir ki, yığmanı gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
Güləşçiləri hava limanında Azərbaycan Güləş Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və yaxınları qarşılayıblar.
"Qələbəmi Azərbaycan xalqına həsr edirəm".
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli deyib.
60 kq çəki dərəcəsində uğura imza atan pəhləvan ikinci dəfə Avropa çempionatının qızıl medalını qazandığı üçün xoşbəxt olduğunu söyləyib:
“Şükürlər olsun ki, istəyimə çatdım. Yarışdan əvvəl özümü qızıl medal qazanmağa kökləmişdim. Finaldakı rəqibim olduqca təcrübəli idmançı idi. Buna baxmayaraq, layiqli çıxış edərək qalib gəlməyi bacardım. İnşallah, dünya çempionu olmaq mənə nəsib olar".
Qeyd edək ki, Nihat Məmmədli finalda Georgi Tibilovu (Serbiya) məğlub edərək qızıl medala sahib çıxıb.
Avropa çempionatında qızıl medal qazanan digər Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı üçün xoşbəxt olduğunu söyləyib:
"Ardıcıl üçüncü dəfə Avropa çempionu olduğum üçün çox sevincliyəm. Məşqlərə dayanmadan davam edirdim. Şükürlər olsun ki, zəhmətimin bəhrəsini gördüm. Ardıcıl üçüncü dəfə çempion olmaq kənardan asan görünə bilər. Lakin bu işin görünməyən tərəfləri çoxdur" .
O, dünya çempionatında da qızıl medal qazanmaq istədiyini bildirib:
"Mundialın gümüş və bürünc medallarını qazanmışam. İstəyərəm ki, bütün yarışların medallarını qazanım. O cümlədən dünya çemionu olmaq istəyərəm".
Çalışacağıq ki, uğurlu nəticələrin davamı gəlsin.
Bunu “Report”a açıqlamasında Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olan Azərbaycanın yunan-Roma güləş millisinin baş məşqçisi Aleksandr Tarakanov deyib.
Mütəxəssis qazanılan nəticəyə görə sevincli olduğunu bildirib:
"Yunan-Roma, sərbəst və qadınlardan ibarət güləş yığmalarını təbrik edirəm. Bizə göstərdiyi dəstəyə görə, Azərbaycan Güləş Federasiyası, Gənclər və İdman Nazirliyi, həmçinin Milli Olimpiya Komitəsinin rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Məşq etməyimiz və beynəlxalq turnirlərə qatılmağımız üçün hər şərait yaradılıb. Güləşçilərimiz Slovakiyada çox yaxşı çıxış etdilər. Bunun nəticəsi olaraq müxtəlif əyarlı medallar qazandılar. Bununla belə, dayanmaq fikrimiz yoxdur".
O, sentyabr ayında Xorvatiyada keçiriləcək dünya çempionatında da uğur qazanmaq istədiklərini söyləyib:
"Qarşıda bizi mundial gözləyir. Bu yarışa da ciddi hazırlaşacağıq. Avropa çempionatındakı uğurlu çıxışlarımızın davamını gətirmək istəyirik. Lakin əsas hədəf 2028 Los-Anceles Yay Olimpiya Oyunlarında uğur qazanmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik. Heyətdə yer alan güləşçilərin gənc olmaları da qarşıdakı Olimpiadaya daha inamlı hazırlaşa bilməyimiz üçün hesablanıb".
Ümumilikdə yarışı 3 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vuran yığma 151 xalla komanda hesabında birinci yeri tutub. Təmsilçilərimizdən Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq) gümüş, Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar.