Qazaxın azad edilmiş kəndlərində 1076 mina tapılıb

Qazaxın azad edilmiş kəndlərində 1076 mina tapılıb

  • 22 aprel 2025, 16:20
Qazax

Qazax rayonunun işğaldan azad edilmiş kəndlərində ümumilikdə 743,345 kv.m (74.3 ha) ərazi minalardan təmizlənib.

Yurd.Media xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Qeyd edilib ki, təmizlənmiş ərazilərdən 1 076 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Onlardan 933-ü piyada əleyhinə mina, 95-i tank əleyhinə mina, 48-i isə partlamamış hərbi sursatlardır.

Xatırladaq ki, 2024-cü il aprelin 19 -da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib.

Həmin kəndlər 24 may 2024-cü il tarixində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Qeyd edək ki, ANAMA işğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi, Qazax rayonunun dörd kəndində də dövlət prioritetləri əsasında minatəmizləmə əməliyyatlarını icra etməkdədir. Əməliyyatlar əl ilə minaaxtarma və mexaniki minatəmizləyən maşın və minaaxtaran itlərin dəstəyi ilə həyata keçirilir.