Lənkəran sahillərində suyun geri çəkilməsi nəticəsində dəniz dayazlaşıb, sualtı qayalıqlar üzə çıxıb, bu da balıqçı qayıqlarının hərəkətini təhlükəli edib.
Yurd.Media "Teleqraf"a istinadən xəbər verir ki, balıqçılar əvvəllər rahat istifadə olunan marşrutlarda indi qayıqların tez-tez qayalara ilişməsini, bəzi sahələrdən isə keçmək mümkün olmadığını bildirirlər.
Sahilə yaxın sularda balıq ehtiyatı da xeyli azalıb, balıq sürüləri daha dərin ərazilərə çəkilib. Mövcud qaydalara əsasən balıqçıların sahildən cəmi iki mil məsafəyədək dənizə çıxmasına icazə verilir, belədə balıq ovu qeyri-mümkün olur.
Lənkəranın Aşağı Nüvədi kəndində əvvəllər gün ərzində təxminən 30 balıqçı qayığı dənizə çıxırdısa, hazırda bu rəqəm 20-yə enib.
Mütəxəssislər bildirirlər ki, Xəzərdə suyun səviyyəsinin azalması uzunmüddətli prosesdir və bu hal təkcə balıqçılığa deyil, ümumilikdə dənizin ekosisteminə mənfi təsir göstərir. Onların fikrincə, balıq ehtiyatlarının daha dərin sulara çəkilməsi balıqçılıq zonalarının yenidən qiymətləndirilməsini və sahilboyu təhlükəsizlik tədbirlərinin gücləndirilməsini zəruri edir.