Avtobusu yola çıxan heyvandan yayındıran sürücü gənc oğlanı vurub öldürdü

Avtobusu yola çıxan heyvandan yayındıran sürücü gənc oğlanı vurub öldürdü

  • 14 aprel 2025, 09:45
Biləsuvar

Biləsuvar-Bəhrəmtəpə magistral yolunda mikroavtobusu yola çıxan heyvandan yayındıran sürücü gənc oğlanı vurub öldürdü.

Yurd.Media "Bizim.media"-ya istinadən xəbər verir ki, Nəsimikənd kəndi ərazisində bir neçə gün əvvəl baş vermiş yol-nəqliyyat hadisəsində ağır xəsarət alan piyada bu gün dünyasını dəyişib.

Belə ki, aprelin 7-də günorta saatlarında hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun sürücüsü — Bəydili kənd sakini Tofiq Əliyev qəfil yolun ortasına çıxan iribuynuzlu heyvandan yayınmağa çalışıb.

Nəticədə nəqliyyat vasitəsini yolun sağ tərəfinə yönəldən sürücü, həmin an kənarda telefonla danışaraq hərəkət edən piyadanı — 2005-ci il təvəllüdlü Rəşad Rauf oğlu Əkbərovu vurub.

Qəza nəticəsində ağır kəllə-beyin travması alan Rəşad Əkbərov dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, bir neçə gün həkimlərin nəzarəti altında reanimasiya şəraitində saxlanılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Rəşad Əkbərov hərbi xidmətdən yeni qayıtmışdı.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.