Ağdam rayonu Səfərli qəsəbəsində tam orta məktəbin direktorunun otağında dava baş verib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, məktəbdə xadimə işləyən Ülviyyə Abdullayeva tam orta məktəbin direktoru işləyən Əliyeva Aliyə Səhrad qızının xidməti otağında ona məxsus olan bir ədəd taxta miniatur "Qız qalası" suvenirini əli ilə vuraraq sındırıb. Suvenirin qiyməti 60 manat təşkil edirmiş.
Abdullayeva ifadəsində göstərib ki, işlədiyi məktəbin direktoru Aliyə digər xadimənin yanında onun ünvanına xoşagəlməz sözlər deyib və həmin xadimə direktorun otağından çıxaraq onu söyüb:
“Mən direktorun otağına gedərək hansı səbəbdən ünvanıma nalayiq sözlər dediyini soruşdum və əlim stolun üstündəki suvenirə dəydi. Suvenir yerə düşərək sındı”.
Abdullayevanın barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə ittiham elan edilib.
Ağdam Rayon Məhkəməsinin qərarı ilə Abdullayeva İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli, altmış manat məbləğində inzibati cərimə edilib.