SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Böyrəklərin gizli düşməni - ağrını aparan dərman səni də aparmasın

Böyrəklərin gizli düşməni - ağrını aparan dərman səni də aparmasın

İnsanın sağlamlığı – Allah vergisidir. Amma bəzən bu neməti öz əlimizlə zəhərləyirik. Günümüzdə bəzi insanlar ağrılara dözmür, dərman içir. Dərman içmək normaldır, amma bir dərman var ki, həm sakitləşdirir, həm də səni yavaş-yavş məhv edir. Onun adı – opioidlərdir.

Bunlar əvvəlcə insana rahatlıq verir. Sanki ağrılar gedir, beyin yüngülləşir. Amma zamanla bədən o dərmana öyrəşir və asılılıq yaranır. O dərmanı içməyəndə sanki bədən qışqırır: "Ver onu mənə!" və sən içdikcə, böyrəklərin səssizcə sıradan çıxmağa başlayır.

Bəs bu dərmanlar böyrəyə necə zərər verir?

Böyrəklər bədənimizin təmizləyici zavodudur. Hər gün yediyimiz, içdiyimiz, nəfəs aldığımız hər şeyin zəhərini süzüb, sidiklə xaric edir.

Amma opioidlər böyrəklərin damarlarını daraldır, qan dövranını azaldır. Böyrəklər oksigensiz qalır, yorulur, tükənir.

Nəticədə:

- Zəhərlər bədəndə qalır,

- Sidik azalır,

- Zamanla böyrəklər öz funksiyasını tam itirir.

İnsan bunu necə hiss edir?

Əvvəldə heç nə hiss olunmur. Hər şey səssiz başlayır. Amma zamanla bədən siqnallar göndərir.

Üzdə dəyişikliklər:

- Səhərlər gözaltı şişliklər,

- Üzdə solğunluq, bəzən sarılıq kimi rəng dəyişikliyi,

- Dəridə quruluq, qabıq kimi soyulmalar,

- Gözlərin altı qaralır, yorğun görünürsən.

Bədəndə olan əlamətlər:

- Əllərdə, ayaqlarda şişkinlik (xüsusilə axşamlar),

- Tez-tez baş ağrısı, ürəkbulanma,

- Nəfəs darlığı, çarpıntı,

- Yorğunluq, halsızlıq – elə bil içində enerji yoxdur.

 Psixoloji əlamətlər:

- Gərginlik, əsəb,

- Yuxusuzluq və ya çox yatmaq,

- Xəyal qurmaq, diqqətin dağılması.


Bütün bunlar böyrək zəifləməsinin xəbərdarlığıdır. Amma çox vaxt insanlar bu əlamətləri yorğunluğa, havaya, stressə bağlayır. Təəssüf ki, gec anlayırıq. Gec olanda isə – artıq dializ adlı aparat həyatımızın bir hissəsi olur...

Əsas tövsiyyələr:

Həkim yazmadan heç bir ağrıkəsici içməyin.

Xroniki ağrılarınız varsa, alternativ yollar axtarın: fizioterapiya, bitki çayları, məşq.

Dərman qəbul edirsinizsə, ildə bir dəfə mütləq böyrək müayinəsi etdirin.

Sidikdə dəyişiklik hiss etdinizsə (rəng, qoxu, miqdar) dərhal həkimə müraciət edin.

Böyrəklərinizi qorumaq üçün bol su için, duzu azaldın, hərəkətsiz qalmayın.

Bir dərman ağrını aparır, amma səni də aparmasın!

Prime Leasing