Bakı və Sumqayıt şəhərlərinin ekoloji vəziyyəti son illərdə ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Sənaye və nəqliyyat sahələrinin sürətli inkişafı ilə yanaşı, bu regionlarda havanın çirklənməsi, torpaqların deqradasiyası və bioçeşidliliyin azalması kimi ciddi ekoloji problemlər müşahidə olunur.
Ətraf mühit üzrə mütəxəssis, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində fəaliyyət göstərən “Dendrologiya Bağı” publik hüquqi şəxsin baş məsləhətçisi Murad Musayev Yurd.Media-ya bildirib ki, ekoloji vəziyyət xüsusilə Bakının Binəqədi, Sabunçu və Suraxanı rayonlarda daha da ağırdır. Bu ərazilərdə uzun illərdir davam edən neft çıxarılması nəticəsində radiasiya fonu bəzi sahələrdə normadan yuxarıdır.
Murad Musayev qeyd edib ki, Bakı şəhərinin ən böyük çirklənmə mənbəyi neft sənayesi və avtonəqliyyatdır:
"Bakı Neftayırma Zavodu, Neft Emalı Zavodu və digər sənaye müəssisələri hələ də fəaliyyətini davam etdirir və bu müəssisələrin bəzilərindən atmosferə zərərli tullantıların buraxılması müşahidə olunur".
Onun sözlərinə görə, Sumqayıtda da vəziyyət oxşardır:
"Şəhərdə yerləşən kimya sənayesi müəssisələri – etilen-polietiren, superfosfat və digər zavodlar illərdir havaya zərərli qazlar buraxır. Baxmayaraq ki, bəzi köhnə müəssisələr bağlanıb və fəaliyyətini dayandırıb, Sumqayıtın müəyyən ərazilərində çirklənmə hələ də aktualdır. Xəzər dənizinə tullantı axıdan müəssisələr də mövcuddur ki, bu da dəniz ekosistemində fəsadlar yaradır".
Bununla belə, mütəxəssis bildirir ki, son illərdə müəyyən müsbət dəyişikliklər də müşahidə olunur:
"Yeni tikilən müəssisələrdə müasir filtr sistemləri quraşdırılır və bu texnologiyalar havaya buraxılan zərərli qazların 95 faizinin qarşısını alır. Biz ekologiyanın yaxşılaşdırılması üçün əsas çıxış yolunu yaşıllaşdırma işlərinin gücləndirilməsində, avtomobillərin qaz və elektriklə işləyən modellərlə əvəz olunmasında, həmçinin sənaye müəssisələrində təmiz texnologiyaların tətbiqində görürük”, – deyə Murad Musayev bildirib.
Qeyd edək ki, müxtəlif dövlət və qeyri-hökumət təşkilatları tərəfindən Bakı ətrafı və Abşeron yarımadasının yarımsəhra ərazilərində genişmiqyaslı yaşıllaşdırma layihələri həyata keçirilir. Məsələn, Salyan–Ələt istiqamətində əkilən ağaclar arasında xüsusi tozudurma qabiliyyətinə malik olan iqlimə uyğun növlər seçilib. Şam ağacları kimi növlərin bir hektarı ildə 350 tona qədər toz saxlayır, elektromaqnit şüalanmanı azaldır və bioçeşidliliyin inkişafına şərait yaradır.
Murad Musayev hesab edir ki, görülən işlərə baxmayaraq, ətraf mühitin qorunması istiqamətində daha sistemli və davamlı tədbirlərə ehtiyac var:
“Ekoloji təsirləri minimuma endirmək üçün təkcə texnoloji tədbirlər deyil, həm də maarifləndirmə, qanunvericilik və cəmiyyətin iştirakı vacibdir. Təmiz bir ekoloji mühit – gələcək nəsillərə qoyacağımız ən dəyərli mirasdır”.