Ermənistanın Araz çayına yönəlik çirkləndirici fəaliyyəti regionun ekologiyası üçün ciddi təhlükə yaratmağa davam edir.
Azərbaycan QHT-ləri bu məsələdə beynəlxalq səviyyədə səylərin artırılmasını tələb edir.
Yurd.Media “Report”a istinadən xəbər verir ki, “Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın rəhbəri Amin Məmmədov bu gün Bakıda keçirilən brifinqdə çıxış edərək Ermənistanı Araz çayında ekoloji monitorinqə şərait yaratmağa çağırıb.
Onun sözlərinə görə, Ermənistanın qanunsuz dağ-mədən fəaliyyəti təkcə Azərbaycan deyil, ümumilikdə Cənubi Qafqazın su resurslarını zəhərləyir:
“İllərdir Azərbaycan bu problemi qaldırır. Amma indi artıq qonşu İran mediası – “Payam media” da Araz çayının çirkli olması ilə bağlı narahatedici məlumatlar yayımlayıb. Çirkli suyun istifadəsi ağır xəstəliklərə, o cümlədən xərçəngə yol açır”.
Məmmədov onu da bildirib ki, hətta Ermənistanda fəaliyyət göstərən bəzi vətəndaş cəmiyyəti nümayəndələri bu ekoloji faciəyə diqqət çəkdiklərinə görə hökumət tərəfindən təzyiqə məruz qalırlar.
Azərbaycan QHT-ləri beynəlxalq ekspertlərin və yerli mütəxəssislərin də qatıldığı şəffaf ekoloji monitorinqlərin aparılmasının vacibliyini önə çəkir və İrəvanı bu prosesi əngəlləməməyə çağırırlar.