Ağac və kolların hansı hallarda çıxarılması və kəsilməsinə icazə verilməsi müəyyən olunur.
Yurd.Media xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında bununla bağlı "Yaşıllıqların mühafizəsi haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
Belə ki,
- ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda;
- məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqlar kənd təsərrüfatı fəaliyyətinə mane olduqda;
- ağaclara münasibətdə yaşıllıqların götürülməsi (kəsilməsi) onların bərpa dəyərini təşkil edən vəsaitlər ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra həyata keçirilir.
Layihəyə əsasən, kolların kəsilməsi ilə bağlı məlumatlandırma icraatı həyata keçiriləcək.
Kolların kəsilməsi üçün müəyyən edilmiş hal mövcud olduqda ərizəçi tərəfindən kolların kəsilməsindən əvvəl kəsiləcək kolların sayı, cinsi, növü, hündürlüyü, fotoşəkli, həmin kolların yayıldığı ərazinin ölçüsü (hektarla), kolların kəsilməsini zəruri edən hal, kolların yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, habelə ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və fərdi identifikasiya nömrəsi (FİN-i), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda, həmçinin onun vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamənin surəti, hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə məlumat veriləcək.
Bildirilib ki, ərizəçi tərəfindən yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsi qadağandır.
Sənədə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 10 təqvim günü müddətində həmin kolların kəsilməsinə dair irad ərizəçiyə təqdim edilmədikdə ərizəçi kolların kəsilməsini həyata keçirə biləcək.
İrad olduqda həmin irad normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.