SÜJET
Azərbaycanda ilk dəfə olaraq Gəncə Cihazqayırma Zavodunda qazpaylayıcı şəbəkələrdə qaz ölçmə qovşaqlarının istehsalına başlanılıb.
Yurd.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında zavodun baş mühəndisinin müavini Vasif Rəhimov bildirib.
Onun sözlərinə görə, qısa müddət ərzində yeni sexlər inşa edilib:
"Müasir texnoloji avadanlıqlar alınaraq quraşdırılıb, qaz sayğaclarının hissəslərinin mexaniki emalı, yığımı və test olunması sahələri yaradılıb. Bu gün bu sahədə çalışacaq mütəxəssislər zavod tərəfindən yetişdirilir”.
V.Rəhimov həmçinin qeyd edib ki, hazırda zavidda illik 500 min ədədə yaxın qaz sayğacı istehsal olunur:
“Bundan sonra da ehtiyac olarsa tələbata uyğun istehsal üçün bütün resurslar mövcuddur. Hazırda zavodun 250-270 nəfə işçi sayı mövcuddur”.
O qeyd edib ki, Gəncə Cihazqayırma Zavodunun istehsal etdiyi qaz sayğacları daxili tələbatı ödəmək üçündür:
"Zavod öz ərazisində məişət qaz sayğaclarının, o cümlədən qaz sayğaclarının montaj hissələrinin, elektron modul, qaz sayğaclarının qoruyucu qutuları, müxtəlif təyinatlı blomblar və digər hissələrinin istehsalını təşkil edir".
Zavod həmçinin su sayğacları da istehsal edir ki, onlar Qazaxıstan, Özbəkistan, Gürcüstan, Rusiya kimi ölkələrə ixrac olunur:
“Zavod enerji resurslarının həcminin ölçülməsi istehsalı sahəsində ixtisaslaşıb. Zavod 2022-ci ildə su sayğaclarının istehsalı ilə fəaliyyətə başlayıb. Bu gün bu sayğaclar respublikanın su təchizatında geniş istifadə olunur və etibarını əyani şəkildə sübut edib”.