“Azər-Türk Bank” ASC-nin vəzifəli şəxsi Azərbaycan Mərkəzi Bankının (AMB) “Banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”nın tələblərini pozduğu üçün cərimələnib.
AMB-dən Yurd.Media-ya bildirilib ki, vəzifəli şəxs “Banklar haqqında” qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutulmaqla, İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə əsasən 1 500 manat cərimə edilib.
Xatırladaq ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Bankın səhmlərinin 51 %-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), 24 %-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,37 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,08 %-i "Zıraat Bank İnternational"a, 6,55 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur. Bankın İdarə Heyətinin sədri Günel Nəbiyevadır.