Aprelin 22-də Vladimir vilayətinin Kirjaç rayonunda yerləşən hərbi hissənin ərazisində baş vermiş yanğın nəticəsində anbarda saxlanılan döyüş sursatları partlayıb.
Yurd.Media bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata istinadla xəbər verir.
Bildirilir ki, yanğının söndürülməsi üçün hərbi hissənin və Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub:
"İlkin məlumata görə, partlayış zamanı xəsarət alan yoxdur. Partlayıcı maddələrlə işin aparılması zamanı təhlükəsizlik tələblərinin pozulması partlayışa gətirib çıxarıb".
Kirjaç rayonunda fövqəladə vəziyyət rejim elan edilib. Vladimir vilayətinin rəhbərliyi vətəndaşları rayona səfərlərdən imtina etməyə çağırıb.
19:16
Rusiyanın Vladimir vilayətinin Kirjaç rayonunda partlayış baş verib, həmin ərazidə fövqəladə vəziyyət elan edilib.
Yurd.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Kirjac rayonunda partlayış baş verib. Hadisə yerində məsul qurumlar işləyir. Daha sonra ətraflı məlumat veriləcək", - vilayətin qubernatoru Aleksandr Avdeyev "Telegram" kanalında bildirib.
Vladimir vilayətinin Kirjaç rayonunun başçısı Yelena Karpova qeyd edib ki, hadisə yerinə bütün çevik reaksiya qüvvələri cəlb edilib.
Kirjaç rayonunun Barsovo və Mirnıy qəsəbələrindən sakinlərin təxliyəsi həyata keçirilir.