SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Qarabağ Zəfərinin 5 illiyi: Dünya azərbaycanlıları həmrəyliyini gücləndirir - HESABAT

Qarabağ Zəfərinin 5 illiyi: Dünya azərbaycanlıları həmrəyliyini gücləndirir - HESABAT

Vətən müharibəsindəki zəfərdən sonra dünya azərbaycanlıların həmrəyliyinin bir qədər də gücləndiyinin şahidi oluruq.

Qarabağda qazanılan Zəfərin 5 illiyi dünya azərbaycanlıları üçün qürur, birlik və milli həmrəyliyin daha yüksək olduğu il kimi yadda qalıb.

Bu il Azərbaycan diasporu fəallığı və səmərəli fəaliyyətilə diqqət çəkib.

Həyata keçirilmiş layihələrlə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı Yurd.Media-nın sorğusuna cavab olaraq bildirib ki, xaricdəki Azərbaycan icmaları Zəfərin 5 illiyi münasibətilə 35 ölkənin 81 şəhərində 100-ə yaxın tədbir təşkil edib:

“Tədbirlərdə təkcə azərbaycanlılar deyil, həm də ölkəmizi sevən xaricilər iştirak edib”.

2025-ci ildə komitə rəhbərliyi və əməkdaşları 30 ölkəyə ümumilikdə 97 səfər edib, Azərbaycan icmaları və həmin ölkələrin rəsmi qurumlarının rəhbər şəxsləri ilə görüşüb.

Hazırda dünya azərbaycanlılarını birləşdirən 15 Koordinasiya Şurası fəaliyyət göstərir, 20 ölkədə 31 Azərbaycan Evi açılıb.

“Koordinasiya Şuraları və  Azərbaycan Evləri 2025-ci ildə də öz işlərini sistemli və ardıcıl şəkildə davam etdirib”, - Komitənin şöbə müdiri bildirib.

24 xarici ölkədə fəaliyyət göstərən 90-dan çox həftəsonu Azərbaycan məktəbi və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan “Qarabağ” adlı həftəsonu məktəbləri yola saldığım ildə də işlərini uğurla davam etdirib.

Diasporla İş üzrə Dövlət Komitəsi 2025-ci ildə də:

🌐 Diaspor Gənclərinin Yay Düşərgələri

🌐 Diaspor Gənclərinin Qış Düşərgələri

🌐 Qardaşlaşmış Qarabağ Məktəbləri

🌐 Liderliyin İnkişafı

🌐 Diaspor Gəncləri Şəbəkəsi

🌐 1+1 Gənclər Proqramı

🌐 E-akademiya

🌐 Beyinqazanma

🌐 Diaspor Könüllüləri və s. kimi layihələri davam etdirib.

Komitə, həmçinin xarici ölkələrdə ixtisaslaşmış forumlar təşkil edib. Türkdilli Dövlətlərin Gənclərinin Forumları, Xaricdəki Azərbaycanlı Alimlərin Forumları, Xaricdəki Azərbaycanlı Həkimlərin Forumları, Xaricdəki Azərbaycanlı Mühəndislərin Forumları, Xaricdəki Azərbaycanlı Tələbələrin Forumları, Xaricdəki Mədəniyyət Xadimlərinin forumları buna misaldır. Bu layihələrin həyata keçirilməsində Azərbaycan diasporu xüsusi fəallıq nümayiş etdirib.

Komitənin ən iri layihələrindən olan Diaspor Gənclərinin Yay Düşərgələrinin altıncısı 2025-ci ildə Xankəndidə keçirilib.

 

Yaddaqalan məqamlardan biri Corc Vaşinqton, Mayami, İllinoys, Kolumbiya, Qlazqo, İnha, Qars Qafqaz Universiteti və dünyanın bir sıra nüfuzlu ali təhsil ocaqlarında azərbaycanlı və xarici tələbələrin, müəllim və professorların iştirakı ilə forum və panel müzakirələrinin təşkil olunmasıdır.

Son 1 ildə komitənin nəzdindəki Azərbaycan Diasporuna Dəstək Fondu 33 layihəyə dəstək göstərib. Fondun vəsaiti hesabına müxtəlif adda kitablar çap olunub, disklər hazırlanıb, xaricdə konsert proqramları təşkil olunub.

“Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi Youtube kanalı olan Diaspor TV və Diaspor FM 8-ci ildir fəaliyyətdədir və 2025-ci ildə də işlərini uğurla davam etdiriblər. Diaspor TV və Diaspor FM-in bazasında 4500-ə yaxın video və audio material var. Dünya azərbaycanlılarının həyat və fəaliyyətindən bəhs edən və bu günə kimi 40 ölkədə çəkilişləri aparılan “Vətən uzaqda deyil” proqramının 200-ə yaxın buraxılışı hazırlanaraq yayımı təmin olunub. Veriliş Diaspor TV ilə İctimai TV-nin ortaq layihəsidir və ayda iki dəfə İTV-nin efirində yayımlanır”, - Vəsilə Vahidqızı vurğulayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları