Onlayn oyunlardan asılılıq yaradan əsas səbəb açıqlandı - CİDDİ TƏHLÜKƏ

Onlayn oyunlardan asılılıq yaradan əsas səbəb açıqlandı - CİDDİ TƏHLÜKƏ

Kompüter oyunlarının gündəlik həyatla bağlı mövzulara daha çox yönəlməsi oyun asılılığı riskini artır.

Yurd.Media xəbər verir ki, bu nəticəyə İğdır Universitetinin müəllimi dosent Dr. Sait Yıldırım oyunlar üzərində apardığı araşdırmanın nəticələrində gəlib.

Onun sözlərinə görə, bu tendensiya oyun asılılığının yalnız uşaqlarda deyil, həm də gənclər və böyüklər arasında da geniş bir təhlükə halına gəldiyini göstərir:

"Artıq oyunlar uşaqların, gənclərin və böyüklərin həyatında ciddi yer tutur”.

Dosent yeni çıxan 748 oyunu təhlil edib və oyunların 14 faizinin döyüş mövzusunda, 37 faizinin isə strategiya, macəra və məsuliyyətə əsaslanan mövzuları əhatə etdiyini müəyyənləşdirib.

O "Habertürk"ə bildirib ki, son illərdə oyun istehsalında və seçimində gündəlik həyat sahələrinə, fəaliyyətlərə və məsuliyyət mövzularına dair məzmunlar nəzərəçarpacaq dərəcədə artıb:

“Əvvəllər oyunlarda əsas mövzu rəqabət aparmaq və ya savaşaraq məğlub etmək idi. Lakin son dövrlərdə strategiya, süjet xətti qurmaq, məsuliyyət daşımaq və macəraya atılmaq kimi mövzular ön plana çıxıb. Onlayn oyun satış platformalarına nəzər saldıqda döyüş oyunlarının sayında azalma, strategiya, macəra və gündəlik həyatı əks etdirən oyunların isə artmasını görürük”.

Dosent Dr. Yıldırım, oyunlarda reallıq anlayışının artmasının asılılığın yaranmasına səbəb olduğunu bildirib:

“Son dövrdə çıxan oyunlarda reallıq anlayışının artdığını müşahidə etdik. Bu, yalnız vizual və texnoloji səviyyədə deyil, həm də gündəlik həyatda qarşılaşdığımız hadisə, fakt və vəziyyətlərin oyunlara daxil edilməsi ilə baş verir. Bu səbəbdən oyunlarda asılılıq uşaqlarla yanaşı, gənc və yetkin yaşlılar arasında da yayılır”.

Onun sözlərinə görə, gündəlik həyatın stresini və fərdi problemləri oyun vasitəsilə müvəqqəti də olsa yüngülləşdirən insanlar zamanla oyunlardakı asılılığa meyilli olurlar:

"İnsanların gündəlik sosial media istifadə müddəti artdıqca oyun asılılığına olan meyil də artır və bu da onların cəmiyyətlə olan əlaqələrindən daha çox uzaqlaşmasına səbəb olur.”