İsrail Hərbi Hava Qüvvələri ötən gecədən başlayaraq İrana beş zərbə dalğası endirib.
Yurd.Media xəbər verir ki, xarici KİV-in məlumatına görə, İsrail ordusu İranın nüvə obyektlərinə, hərbi obyektlərinə, yüksək səviyyəli hərbi və nüvə rəsmilərinə zərbələr endirib.
İsrailin İran ərazisinə endirdiyi hava zərbələri nəticəsində Natanzda nüvə obyektində partlayış baş verib.
İran televiziyası məlumatına görə, hücum nəticəsində 35-i qadın və uşaq olmaqla azı 50 nəfər yaralanıb, həlak olanların sayı beş nəfərə çatıb.
Hava zərbələri nəticəsində SEPAH generalı Qulaməli Rəşid, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bageri, İranın Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şamxani öldürülüb.
İranın Ali Rəhbəri Əli Xamenei Həbibullah Səyyarini İran Silahlı Qüvvələrinin müvəqqəti qərargah rəisi, Əhməd Vəhidi isə İnqilab Keşikçiləri Korpusunun Baş komandanı təyin edib.
İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciət edərək bildirib ki, əməliyyatın məqsədi “İranın nüvə infrastrukturuna, İranın ballistik raket zavodlarına və İranın hərbi imkanlarına zərbə endirməkdir”.
Onun sözlərinə görə, missiya tamamlanana qədər, əməliyyat nə qədər lazımdırsa, davam edəcək.
İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xamenei də xalqa müraciət edib və deyib ki, indi İsraili "ağır cəza" gözləməlidir. İranın Ali Rəhbəri İsrailin hücumları nəticəsində bir sıra komandirlərin və alimlərin öldüyünü bildirib.
Hücumlardan sonra İran İsrail istiqamətinə 100-dən çox dron buraxıb.
Bu barədə İsrail Ordusu məlumat yayıb. "Dron hucumunun qarşısını almağa çalışırıq", - məlumatda vurğulanıb.