SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
İlham Əliyev Bundestaqın komitə sədri və Bolqarıstan Prezidenti ilə görüşüb

İlham Əliyev Bundestaqın komitə sədri və Bolqarıstan Prezidenti ilə görüşüb

  • 14 fevral 2026, 14:58

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşetlə görüşüb.

Yurd.Müedia xəbər verir ki, söhbət zamanı dövlət başçısı Armin Laşetlə görüşləri məmnunluqla xatırlandı.

Armin Laşet Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə İlham Əliyevə təbriklərini çatdırıb.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi, sülhün əldə olunmasının bütövlükdə regionun inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini dedi.

Görüşdə Azərbaycanın regional sülh və əməkdaşlıq təşəbbüsləri barədə söhbət açıldı.

Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi-ticari, enerji və digər sahələrdə inkişaf etdiyi vurğulandı.

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı mühüm rola toxunuldu, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Görüşdə Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqda oynadığı rol vurğulandı, bu təcrübənin beynəlxalq çərçivədə bölüşülməsinin əhəmiyyəti qeyd edildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxendə Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə də görüşüb.

Yurd.Media xəbər verir ki, Azərbaycanda keçirilmiş Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyini vurğulayan Bolqarıstan Prezidenti mədəniyyətimizlə yaxından tanış olduğunu, Novruz bayramı adət-ənənəmizin və muğam musiqimizin onda dərin təəssürat hissi yaratdığını bildirdi.

İliyana Yotova Heydər Əliyev Fondunun Bolqarıstanda "Trapezitsa" Memarlıq Muzeyi Qoruğunun bərpasına göstərdiyi dəstəyi xatırladaraq, buna görə minnətdarlığını ifadə etdi.

O, Azərbaycanın ali təhsil müəssisələrində bolqar dilinin tədrisi və bolqar mədəniyyətinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Söhbət zamanı bir neçə gün əvvəl Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstanın Veliko Tırnovo şəhərində "Şuşa" parkının salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Sazişin imzalanması məmnunluqla qeyd olundu.

Ölkələrimiz arasında enerji, elektrik enerjisinin ixracı, kənd təsərrüfatı, turizm və digər sahələrdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu.

Bolqarıstanın Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafına verdiyi dəstək yüksək qiymətləndirilib.

Bu ilin mayında Azərbaycanın Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyi vurğulanaraq, Bolqarıstanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağı bildirildi.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları