Böyük Britaniyanın Uayt adasında yerləşən "The Wildheart Animal Sanctuary" (Vayldhart Heyvan Sığınacağı) Azərbaycanın Altıağac qəsəbəsindən iki Avropa qəhvəyi ayısı - Benji və Balunun Birləşmiş Krallığa daşınmasını təşkil edir. Bu məqsədlə Avropanın aparıcı yükdaşıma şirkətlərindən olan "Cargolux" ayıların hava yolu ilə pulsuz daşınmasını öz üzərinə götürüb.
Yurd.Media Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "On The Wight" xəbər yayıb.
Bildirilir ki, ayıların yol və ya dəniz nəqliyyatı ilə daşınması uzun və əzabverici olacağından, onların rahat, sürətli şəkildə çatdırılması üçün birbaşa uçuş variantı seçilib. Uçuş təxminən 3 000 mil məsafəni əhatə edəcək və 5-6 saat davam edəcək.
Qeyd edək ki, bu, Azərbaycandan həyata keçiriləcək ilk bu tipli vəhşi heyvanköçürmə əməliyyatıdır.
Ölkədə uyğun qəfəs və infrastruktur olmadığı üçün "Cargolux" ayılar üçün xüsusi qəfəsləri də Avropadan Azərbaycana göndərəcək.
Sığınacağın rəhbəri Lourens Beyts bildirib ki, daşıma şirkətinin bu dəstəyi olmasaydı, layihə baş tutmaya bilərdi. Şirkət daha əvvəl Çindən İslandiyaya beluqa balinalarını daşımaqla bu sahədəki təcrübəsini sübut edib.
Şirkətin prezidenti Riçard Forson isə vəhşi heyvanların rifahı və qorunması istiqamətində təşəbbüsləri dəstəkləməkdən qürur duyduqlarını bəyan edib.
"Benji və Balu üçün yeni həyatın başlanğıcında iştirak etmək bizim üçün böyük məsuliyyətdir", - deyə o əlavə edib.
Ayıların daşınması zamanı baytarlar və logistika mütəxəssislərindən ibarət komanda iştirak edəcək. Onlar Birləşmiş Krallığa çatdıqdan sonra ölkədaxili daşınma təmin ediləcək və Uayt adasına keçid baş tutacaq.
Məlumata görə, ayıların 3 500 kvadratmetr sahəyə malik, təbii şəraitə uyğunlaşdırılmış yeni yaşayış yerləri artıq hazırdır. Burada otlaq, ağaclar, su hövzələri, qış yuxusu üçün yerlər və balanslaşdırılmış qida rejimi təmin olunub.
Azərbaycanda restoranlardan birində insanları əyləndirmək məqsədilə qəfəsdə saxlanan bu iki ayının Böyük Britaniyaya daşınmasının bu ilin iyun ayında baş tutacağı gözlənilir.