Sağlam çəkiyə malik olan və ya qidalanma pozuntusu yaşamış insanların arıqlama iynələri almasının qarşısını almaq üçün sərtləşdirici tədbirlər görüləcək.
“Yurd.Media” xəbər verir ki, “BBC”-nin apardığı araşdırmaya görə, şəkərli diabetdən əziyyət çəkən xəstələrə qan şəkəri səviyyəsini tənzimləməyə kömək etmək üçün istifadə olunan preparatlar son dövrlərdə arıqlama vasitəsi kimi təyin edilməyə başlayıb. Bu dərmanlar həftəlik iynələr şəklində yuxarı qol, bud və ya qarına yeridilir. Xəstələr adətən aşağı dozadan başlayır və tədricən doza artırılır. Bu dərmanlar bağırsaqda yeməkdən sonra ifraz olunan və insanın tox hiss etməsinə səbəb olan qlükagonabənzər peptid-1 (GLP-1) hormonunun təsirini təqlid edir. Tirzepatid (Mounjaro) isə həmçinin qlükoza-asılı insulinotropik polipeptid (GIP) hormonuna təsir göstərir. Bu hormon maddələr mübadiləsini tənzimləyir və enerji balansını qorumağa kömək edir.
Britaniyada artıq Wegovy və Mounjaro kimi brendlər altında satılan bu dərmanlar sadəcə onlayn anket doldurmaq və ya şəkil göndərməklə təyin edilə bilməyəcək.
Belə ki, xəstələrin bədən kütlə indeksi həkim qeydləri ilə təsdiqlənməlidir. Bunun üçün isə şəxsən və ya video məsləhətləşmə tələb olunacaq.
Avropada bu qaydalara əməl etməyən apteklərə qarşı ciddi tədbirlər görüləcək.
Bundan əlavə, dərman yazan həkimlərə xəstənin hansı dərmanları qəbul etdiyini onun ailə həkimi ilə aktiv şəkildə bölüşmək tapşırılacaq.
Böyük Britaniyanın Baş Əczaçılıq Şurasının icraçı direktoru Dunkan Radkin bildirib ki, araşdırmalar onlayn apteklərdən alınan dərmanların düzgün istifadə olunmaması səbəbindən insanların risk altına düşməi müəyyən olunub. Onun sözlərinə görə, arıqlama dərmanları artıq yüksək riskli dərmanlar kateqoriyasına daxil edilib və onları Milli Səhiyyə Xidməti yalnız ciddi meyarlara uyğun olaraq təklif edir.