SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Müharibə illərindən müasir təhsilə uzanan 80 il - REPORTAJ

Müharibə illərindən müasir təhsilə uzanan 80 il - REPORTAJ

Bakı

80 yaşlı elm ocağı: 190 nömrəli məktəb

Ölkənin nüfuzlu təhsil ocaqlarından olan 190 nömrəli orta məktəb 2025–2026-cı tədris ilində 80 illik yubileyini qeyd edir. 1945–1946-cı tədris ilində fəaliyyətə başlayan məktəb ötən müddət ərzində ölkənin ictimai-siyasi və mədəni həyatına töhfə verən çoxsaylı məzunlar yetişdirib.

Yurd.Media xatırladır ki, məktəbin yerləşdiyi ərazidə vaxtilə Aleksandr Nevski kilsəsi mövcud olub, lakin sonradan sökülərək yerində iki bina inşa edilib. 1937-ci ildə tikinti başa çatan bu binalar müharibə illərində təxliyyə xəstəxanası kimi istifadə olunub.

190 nömrəli məktəb faəliyyətinə əvvəlcə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin hazırkı binasında başlayıb. İlk direktoru əməkdar müəllim Sona Tağıyeva olub və ömrünün sonuna qədər bu vəzifəni icra edib. 1947-ci ildə məktəb ilk buraxılışını həyata keçirərək 17 nəfər qızlardan ibarət məzunlarını yola salıb. Eyni ildə 189 nömrəli məktəb də digər binada fəaliyyətə başlayıb.

1957-ci ildə 190 nömrəli məktəb həmin ərazidə tikilmiş 3-cü binaya köçürülüb. Məktəbin ilk binasında isə Bülbül adına Orta İxtisas Musiqi Məktəbi yerləşdirilib. Bir vaxtlar “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunan və adlandırılan təhsil müəssisəsi uzun müddət tanınmış jurnalist, yazıçı-publisist Osman Mirzəyevin adını daşıyıb. 189 nömrəli məktəbə isə öz məzunu, I Qarabağ Müharibəsi şəhidi Eldar Məmmədovun adı verilib.
Sona Tağıyevanın vəfatından sonra 190 nömrəli məktəbin direktoru vəzifəsində təcrübəli pedaqoq, əməkdar müəllim Afət Bakıxanova çalışıb.

Yanaşı binalarda yerləşən məktəblər 2014 – cü ildə Təhsil Nazirliyinin qərarı ilə 189 – 190 nömrəli tam orta məktəbə çevrilərək əsaslı təmir – bərpa işləri aparılıb. Təhsil müəssisəsinə bir müddət Ceyran Kuliyeva rəhbərlik edib.

Bu gün 189–190 nömrəli tam orta məktəb peşəkar mütəxəssis Fayaz Hüseynovun rəhbərliyi ilə 80 – ci tədris ilini sadəcə keçmişin xatirələri ilə deyil, həm də gələcəyin böyük hədəfləri ilə qeyd edir. Müasir tədris metodları və təcrübəli pedaqoji kollektivi ilə məktəb, növbəti onilliklərdə də Azərbaycanın gələcəyini quracaq yeni nəsil ziyalıları yetişdirmək missiyasını davam etdirir. Bu gün bu divarlar arasında yetişən hər bir şagird Sona Tağıyevadan başlayan və müasir idarəçiliklə davam edən böyük bir məktəbin varisidir.

Qeyd edək ki, 2027 – ci ildə də 189 nömrəli məktəbin yubileyidir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları