SÜJET
Bakının Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən bir binanın həyətindəki iri gövdəli ağaclarla örtülü yaşıllıq ərazi hasarlanıb. Nəticədə uzun müddət baxımsız qalan ağaclar qurumağa başlayıb.
Yurd.Media xəbər verir ki, sakinlərin sözlərinə görə, ərazi sonradan bir şəxs tərəfindən özəlləşdirilib, lakin həmin şəxs hazırda ortalıqda görünmür.
Sakinlər "ATV xəbər"ə bildiriblər ki, məhdudiyyətlər səbəbilə həyətlərini yalnız pəncərədən izləyə bilirlər.
Onların dediyinə görə, əvvəllər uşaqların oynadığı, insanların istirahət etdiyi bu sahə artıq daş hasarlarla əhatələnib, əraziyə qapılar quraşdırılıb və kilidlənib, ağaclar isə baxımsızlıqdan qurumağa məhkum vəziyyətdədir.
Vətəndaşlar qeyd edirlər ki, bu vəziyyət artıq illərdir davam edir. Onlar bu yaşıllıqdan istifadə edə bilmədiklərini, ağacların kölgəsində dincəlmək imkanlarının əlindən alındığını bildirirlər. Bəzi iddialara görə, ərazini hasarlayan şəxs dəfələrlə əraziyə tamamilə sahib olduğunu bildirib və hətta əlavə sahələri də zəbt edib.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, bir müddət əvvəl aidiyyəti qurumların iştirakı ilə ərazidə yerində baxış keçirilib və məsələ ilə bağlı müvafiq orqanlara rəsmi müraciət olunub. Əlavə olaraq, hüquqi qiymət verilməsi üçün araşdırmalar aparılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirib ki, əraziyə mütəxəssislər göndəriləcək, vəziyyət yerində araşdırılacaq və nəticədən asılı olaraq müvafiq tədbirlər görüləcək.