SÜJET
Cəlilabad rayonunun Həxiyabad kənd sakini Sahib Məmmədovun yaşadığı ünvanda qaz sayğacında yaranan texniki nasazlıq nəticəsində evə qaz verilişi dayandırılıb.
Yurd Media xəbər verir ki, abonentin sözlərinə görə, sayğacın ekranı zədələndiyindən pul yükləmək mümkün olmur:
“Kartı yükləmək istəyəndə gördüm ekran işləmir. Zəng etdim qaz idarəsinə, gəlib baxdılar. Məlum oldu ki, ekran sınıb. Yeməklərimizi qonşuda bişiririk”,- deyə abonent bildirib.
Sahib Məmmədov "Xəzər Xəbər"-ə bildirib ki, sayğac evdən aralı məsafədə quraşdırıldığı üçün ona daim nəzarət etmək mümkün olmur. Əgər hər hansı müdaxilə baş veribsə, bu, onun xəbəri olmadan yaranıb.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən “Xəzər Xəbər”ə bildirilib ki, problem araşdırılıb və sayğacın əvəz olunması ilə bağlı qərar verilib. Yeni sayğac quraşdırıldıqdan sonra köhnə cihaz dövlət yoxlamasına göndəriləcək və hər hansı müdaxilənin olub-olmaması müəyyən ediləcək. Yekun rəyə əsasən müvafiq addımlar atılacaq.
Qurumdan bildirilib ki, problem tezliklə həll olunacaq.