Uşaqlarda tez-tez rast gəlinən xəstəliklər arasında bəzi əlamət və simptomlar ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
“Yurd.media” Türkiyənin “Sözcü” qəzetinə istinadən xəbər verir ki, xüsusilə kiçik yaşlarda burun-boğaz mənşəli narahatlıqlar əvvəlcə sadə görünsə də, sürətlə irəliləyə bilər. Valideynlərin uşaqlarında görülən hər hansı bir əlaməti diqqətdən qaçırmaması, həkim mütəxəssis ilə məsləhətləşməsi böyük bir riskin qarşısını ala bilər.
Belə ki, uşaqlarda burun, qulaq və boğazla əlaqəli xəstəliklər xüsusilə körpələr evi və uşaq bağçasına gedən uşaqlar arasında daha geniş yayılıb və sürətlə yoluxur. Əvvəlcə sadə bir qrip kimi görünə bilən bu xəstəliklər, simptomlar diqqətdən qaçırıldıqda ciddi sağlamlıq problemlərini özü ilə gətirə bilir.
Məsələn, kataral otit kimi hallarda uşaqlar burundan nəfəs almaqda çətinlik çəkir, lakin bir çox valideyn bunu qrip simptomu hesab edə bilər. Kataral otit qulaqda iltihablanma ilə xarakterizə olunan qulaq xəstəliyidir. Adətən yuxarı tənəffüs yolları infeksiyaları, soyuqdəymə və ya qrip kimi xəstəliklərin ağırlaşması kimi inkişaf edir. Bu halda orta qulaqda olan iltihab nəticəsində qulaqda dolğunluq, ağrı və eşitmə itkisi kimi əlamətlər görülə bilər. Kataral otit adətən viral infeksiyalarla əlaqəlidir və müalicə edilməzsə, infeksiyanın irəliləyərək daha ciddi qulaq xəstəliklərinə səbəb ola biləcəyi üçün mütləq bir mütəxəssisə müraciət edilməsi tövsiyə olunur.
Mütəxəsislər eyni zamanda hesab edir ki, bəzi xəstəliklərə uşaqlıq dövründə yoluxmaq fayda verir. Məsələn, qulaqdibi... Uşaqlarda geniş yayılmış və qulaqların şişməsinə səbəb olan qulaqdibi, irəliləyən yaşlarda daha təhlükəli hala gələ bilir. Oxşar şəkildə, suçiçəyi kimi uşaqlıq çağında yoluxması daha az riskli olan xəstəliklər də böyüklük üçün tam bir əzaba çevrilə bilər.