SÜJET
Alimlər insan orqanizmində qocalma prosesinin iki kritik dövrdə sürətləndiyini müəyyən ediblər.
“Yurd.media” xəbər verir ki, “Nature Aging” nəşrində dərc edilən araşdırma nəticələrində qocalma prosesində ən nəzərəçarpan dəyişikliklərin orta hesabla 44 və 60 yaşlarında baş verdiyini göstərilir.
Stenford Universitetindən genetik Maykl Snayder bildirib ki, insanlar zamanla və tədricən dəyişmir, bəzi dövrlərdə həqiqətən də dramatik dəyişikliklər yaşayır:
“40 yaşın orta mərhələsi və 60 yaşın əvvəli bu dəyişikliklərin ən intensiv olduğu dövrlərdir. Üstəlik, hansı molekulyar sinfi araşdırsanız, bu vəziyyət dəyişmir".
Tədqiqatçılar bir neçə il 108 yetkin şəxsə aid bioloji nümunələri müxtəlif vaxtlarda araşdırıb. Ümumilikdə 135 mindən çox bioloji faktor analiz edilərək, qocalma prosesində nəzərəçarpacaq dəyişikliklər göstərən molekullar müəyyən olunub.
Aparılan araşdırmaya görə, bədəndəki molekulların təxminən 81%-i 44 və 60 yaşlarında əhəmiyyətli dəyişikliklərə məruz qalır.
Belə ki,
40 yaşların ortalarında: Lipid, kofein və alkoqol metabolizmi, ürək-damar xəstəlikləri, dəri və əzələ funksiyaları ilə əlaqəli molekullarda əhəmiyyətli dəyişikliklər baş verir.
60 yaşların əvvəllərində: Karbohidrat mübadiləsi, immun sistemi və böyrək funksiyalarında nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur.
Bu yaş aralıqlarının qadınlarda menopauza və ya perimenopauza dövrü ilə üst-üstə düşməsi səbəbindən alimlər bu faktorun əsas amil olub-olmadığını da araşdırıblar. Lakin nəticələr göstərib ki, kişilər də eyni yaş dövrlərində oxşar bioloji dəyişikliklər yaşayırlar.
Tədqiqatçılar araşdırmanın müəyyən yaş qrupları ilə məhdudlaşdığını və 25-70 yaş arasındakı fərdləri əhatə etdiyini bildiriblər. Gələcəkdə daha geniş yaş aralıqlarını əhatə edən və daha dərin bioloji tədqiqatlar aparmaqla bu prosesin daha dərindən öyrənilməsi gözlənilir.