SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Hepatitə qarşı mübarizə: maarifləndirmə və erkən diaqnostika vacibdir

Hepatitə qarşı mübarizə: maarifləndirmə və erkən diaqnostika vacibdir

  • 28 iyul 2025, 15:18

28 iyul 2025-ci il – Ümumdünya Hepatit Günü ilə əlaqədar “İnkişaf-2006” Sosial Dəstək İctimai Birliyinin ofisində maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə gənclərin iştirakı ilə virus hepatitləri, onların yoluxma yolları, profilaktikası, erkən diaqnostika və müalicəsi barədə məlumat verilmişdir.

İştirakçıların diqqətinə çatdırılmışdır ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, 2022-ci ildə dünyada təxminən 254 milyon insan xroniki hepatit B, 50 milyon insan isə hepatit C infeksiyası ilə yaşayırdı. Hər il hepatit B və C ilə əlaqəli xəstəliklər nəticəsində təxminən 1,1 milyon insan həyatını itirir.

Tədbirdə qeyd olunmuşdur ki, virus hepatitləri uzun müddət simptomsuz keçə bilər və vaxtında aşkarlanmadıqda qaraciyər sirrozu və qaraciyər xərçəngi kimi ciddi fəsadlara səbəb ola bilər. Hepatit B-yə qarşı effektiv vaksin mövcuddur, hepatit C isə müasir antiviral preparatlarla müalicə edilərək tam sağaldıla bilər.

Görüş zamanı hepatitdən qorunma yolları, təhlükəsiz tibbi və şəxsi gigiyena qaydalarına əməl edilməsinin əhəmiyyəti, vaxtında testdən keçməyin və xəstəlik aşkarlandıqda müalicəyə başlanmasının vacibliyi izah edilmişdir. Həmçinin hepatitlə yaşayan insanlara qarşı stiqma və ayrı-seçkiliyin yolverilməz olduğu vurğulanmışdır.

Tədbirin əsas məqsədi iştirakçıların virus hepatitləri barədə məlumatlılığını artırmaq, xəstəlikdən qorunma və erkən diaqnostikanın əhəmiyyəti barədə düzgün məlumatların cəmiyyətə çatdırılmasına töhfə vermək olmuşdur.

Skat.az - Ev və Avtomobil elanları