Qanda eritrositlərin həcminin faizi – yəni hematokrit – vacib göstəricidir və normalda 35-45% təşkil edir. Bu göstəricinin yüksəlməsi qanın qatılaşmasına işarə edir.
Yurd.Media “rg.ru”ya istinadən xəbər verir ki, Sankt-Peterburq Djanelidze adına Təcili Tibbi Yardım Elmi-Tədqiqat İnstitutunun kardioloqu Konstantin Krulev bildirib ki, belə hal siqaret çəkənlərdə və ya ağciyər xəstəliklərindən əziyyət çəkənlərdə daha çox müşahidə olunur. Bu səbəbdən zərərli vərdişlərdən imtina vacibdir.
Qanın qatılaşmasının digər yayılmış səbəbi isə orqanizmin susuz qalmasıdır. Xüsusilə isti havalarda kifayət qədər təmiz su içməmək bu problemi yarada bilər. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin klinikasının endokrinoloqu Zuxra Pavlova qeyd edib ki, su qanın durulaşmasına və toksinlərin səviyyəsinin azalmasına kömək edir. Onun sözlərinə görə, günə ilıq su içməklə başlamaq vacibdir:
“Gecə ərzində bədən susuz qalır – bu, tər və nəfəs vasitəsilə baş verir. Səhər su içərək orqanizmi oyadır və tarazlığı bərpa edirik”, – deyə o bildirib.
Tibb elmləri namizədi, cərrah-onkouroloq Mark Qadziyan daha əvvəl bildirib ki, gündə bir litrdən az maye qəbul etmək zərərlidir. Onun sözlərinə görə, bu, həm sidikdaşı xəstəliyi, həm də qanın qatılaşması riskini artırır. Lakin o da qeyd olunub ki, maye qəbulunda hər kəs öz həkiminin tövsiyələrini nəzərə almalıdır.
Qidalanma da qan dövranına təsir edir. Xüsusilə şəkərdən istifadə zamanı ehtiyatlı olmaq tövsiyə olunur. Toksiokoloq, professor Mixail Kutuşovun sözlərinə görə, şəkər qanda qlükozanın səviyyəsini artırır və lipid birləşmələrinin yaranmasını sürətləndirir.
“Bu, qanın qatılığını artırır və tromb yaranması riskini yüksəldir”, – deyə mütəxəssis xəbərdarlıq edib.