Bəzi qidalar təkcə aclığı yatırtmaqla kifayətlənmir, həm də insanın əhval-ruhiyyəsinə müsbət təsir göstərir.
"Yurd.media" xəbər verir ki, rusiyalı psixoloq, qidalanma pozuntuları üzrə mütəxəssis Kseniya Zabaturina Rusiya mətbuatına açıqlamasında tərkibində 70%-dən az olmayan kakao olan tünd şokoladın endorfinlərin – xoşbəxtlik hormonlarının ifrazını stimullaşdırdığını bildirib. Meyvələr və giləmeyvələr isə vitaminlər və antioksidantlarla zəngin olduğundan orqanizmin stressə qarşı mübarizəsini gücləndirir.
Əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün banan da olduqca təsirlidir. Mütəxəssis bildirir ki, bu meyvə karbohidratlarla zəngindir və orqanizmin triptofan maddəsini mənimsəməsinə kömək edir. Həmçinin qoz-fındıq da qəlyanaltı üçün yaxşı seçimdir. Xüsusilə qoz və badam Omega-3 yağ turşuları və maqneziumla zəngin olduğuna görə depressiya əlamətlərini azalda bilər:
“Məsələn, bananlar əhvalı yaxşılaşdırmaq üçün əla qəlyanaltıdır. Eyni zamanda qoz-fındıq, xüsusilə qoz və badam da faydalıdır. Onların tərkibində olan Omega-3 və maqnezium pis əhval-ruhiyyənin öhdəsindən gəlməyə kömək edir. Həmçinin yağlı balıqları da unutmayaq: skumbriya və qızılbalıq stressə qarşı mübarizədə mühüm rol oynayan Omega-3 yağ turşularının əla mənbəyidir,” – deyə Zabaturina əlavə edib.
Psixoloq həmçinin fiziki aktivliyin və kifayət qədər yuxunun da yaxşı əhval-ruhiyyənin qorunmasında vacib olduğunu vurğulayıb.
Moskva Səhiyyə Departamentinin baş diyetoloqu Antonina Starodubova isə bitki yağları, qoz-fındıq, toxumlar və balığın tərkibindəki çox doymamış yağ turşuları sayəsində ateroskleroz riskini azaltdığını bildirib. O, həmçinin gündə ən azı 400 qram tərəvəz, göyərti, meyvə və giləmeyvə istehlak etməyin vacibliyini qeyd edib. Dietoloq vurğulayıb ki, tərəvəzlərin tərkibindəki lif lipid mübadiləsini tənzimləməyə və qan xolesterinin səviyyəsinə müsbət təsir göstərməyə kömək edir. Ekspert həmçinin şirniyyat, un məmulatları və bişmiş qidalardan həddindən artıq istifadə etməməyə çağırıb.