SÜJET
Bəzən insan bir səs eşidir, amma ətrafda səs-səmir yoxdu. Nə telvizor açıqdır, nə telefon, nə də qonşudan bir musiqi gəlir. Deyirlər, “yox yerdə səs çıxmaz”, amma bu dəfə çıxır. Qulaq öz-özünə mahnı eşidir. Bu, el arasında bəlkə də “dəli olub” kimi başa düşülür, amma həkimlər buna “musiqi halüsinasiyası” deyir. Və bu hal çox vaxt bəzi dərmanlardan sonra yaranır.
Qulaq eşidir, ama hava danışır
2024-cü ildə dünya alimləri tərəfindən aparılan araşdırmaya görə, bəzi dərmanlardan sonra beyin heç olmayan bir musiqini varmış kimi hiss edir. Hətta insanlar deyir ki, “qulağımda klassik musiqi çalınırdı”, “uşaq vaxtı dinlədiyim mahnılar yenidən gəldi”, “imam səsi eşidirdim”...
Bu hal əsasən aşağıdakı dərmanlardan sonra yaranır:
- Antidepressantlar (insanı sakitləşdirən, depressiyanı yüngülləşdirən dərmanlar),
- Narkotik tərkibli ağrıkəsicilər (məsələn: tramadol, kodein),
- Parkinson dərmanları,
- Güclü psixotrop maddələr (ketamin və b.),
- Vorikonazol kimi göbələk əleyhinə dərmanlar.
Deyirlər, “Hər dərman dərd üçün deyil”. Elə bu dərmanlar da bəzən dərdin üstünə bir də qorxunu gətirir.
Səs gəlir, amma heç yerdən
Bu halı yaşayan insanların çoxu qadınlardır (təxminən 70%). Orta yaş isə 58-dir. Yəni bu problem əsasən yaşlı adamlarda və eşitmə zəifliyi olanlarda görünür.
Araşdırmalar göstərir ki, 27 xəstədən 24-də (yəni 89%-də) bu səslər dərman dayandırılandan sonra tamamilə yox olur.
Bəzilərində isə səslər tədricən azalır, zamanla gedir.
“Yel qayadan nə aparar” deməyin, bəzən görünməyən bir səs, insanın gündəlik həyatını alt-üst edir.
72 yaşlı yapon qadın Parkinson dərmanı qəbul edəndən sonra baş verən əlamətləri danışır:
“Hər gecə qulağımda klassik musiqi çalırdı. Otağı axtardım, qonşulara baxdım, heç yerdə səs yox idi. Dərmanı dəyişəndən sonra musiqi də kəsildi. Dərman beyni oynadırsa, hər şey mümkündür.
Beyin nə edir? Nə üçün edir?
Beyin bir yerdə dayanmağı sevmir. Əgər bədənə lazım olan kimyəvi maddələr (məsələn, serotonin, dofamin) pozulursa, beyin özü sanki "musiqi çalmağa” başlayır. Bəzən keçmişdə eşitdiyimiz bir melodiyanı bizə qaytarır. Elə bil yaddaşın içindən bir qapı açılır, və o qapıdan mahnı gəlir.
“Elə bil, beynimdə radio işə düşmüşdü” deyənlərin sayı gün keçdikcə artır.
Əgər belə səslər eşidiriksə özünüzə “dəli oldum” damğası vurmayaq. Dərmanı dayandırmadan həkiminizlə məsləhətləşin. Dünyada xeyli insan bu halı yaşayıb və müalicə ilə sağalıb. Əsas odur ki, nə olduğunu biləsən.
Əgər dərman qəbulundan sonra beyninizdə səs, mahnı, ya da melodik səslər eşidirsinizsə, bilin ki, beyin sizə xəbərdarlıq edir. Onu düzgün oxumaq, düzgün cavab vermək isə bizim öz əlimizdədir.