Yurd.Media hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsindəki Zəfər yürüşünün gedişini xronoloji ardıcıllıqla təqdim edir.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Müharibənin 32-ci günü
• Ermənistan ordusu Bərdəni raket atəşinə tutub, 21 dinc sakin həlak olub, 70-ə yaxın şəxs yaralanıb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
• Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək.
Bu barədə Prezident İlham Əliyev özünün rəsmi tviter səhifəsində bildirib.
• Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistan silahlı qüvvələrinin Bərdəyə növbəti dəfə raket hücumu ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib.
• Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Əbilcə, Qılıcan kəndlərini işğaldan azad edib.
Bununla bağlı Prezident İlham Əliyev özünün rəsmi tviter səhifəsində məlumat verib.
• Prezident İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibə verib.
• Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum cəhdlərinin qarşısı qətiyyətlə alınıb, Ermənistan silahlı qüvvələri itki verərək geri çəkilib. İşğalçı ordunun xeyli sayda canlı qüvvəsi, eləcə də bir “Osa” zenit raket kompleksi, üç BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, altı D-30, beş D-20 və bir D-44 topu, iki 2A36 “Qiasint-B” topu, bir minaatan, bir “Konkurs” tank əleyhinə raket kompleksi və altı avtomobil texnikası sıradan çıxarılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
• Müdafiə Nazirliyi Qubadlı istiqamətində gedən döyüşlər zamanı düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatın videogörüntüsünü paylaşıb.
• Azərbaycan Ordusunun bölmələri şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini, xeyli sayda hərbi texnikasını darmadağın edib.
• Bölmələrimizin dəqiq atəş zərbələrinə tab gətirə bilməyərək döyüş meydanından qaçan düşmən qüvvələri, mülki infrastrukturu və dinc əhalini atəşə tutan şəxsi heyət bölmələrimizin sərrast atəşi ilə məhv edilib.