Paytaxtın Yasamal rayonu, Yeni Yasamal 1 yaşayış massivi, Əsəd Əhmədov küçəsində 5-ci və 6-cı binaların həyətində təhlükə mənbəyinə çevrilən işıq dirəyi ilə bağlı problem aradan qaldırılıb.
Yurd.Media tərəfindən yayımlanan xəbərin ardından “Azərişıq” ASC-nin əməkdaşları əraziyə yenidən baxış keçiriblər. Nəticədə problemli işıq dirəyinə elektrik enerjisinin verilişi dayandırılıb, elektrik kabelləri isə sökülərək çıxarılıb.
Araşdırma zamanı dirəyin metal konstruksiyasının əvvəlki vaxtlarda, elektrik enerjisinin verilişi dayandırıldıqdan sonra da cərəyan keçirməsinin səbəbi məlum olub. Məlumata görə, metal konstruksiyanın daxilindən keçən elektrik kabelinin izolyasiyasının zədələnərək metal səthə təmas etməsi nəticəsində konstruksiyada elektrik gərginliyi yaranıb. Bu səbəbdən əvvəlki dövrdə dirəyə toxunan sakinlərin ara-sıra yüngül elektrik cərəyanına məruz qalması halları baş verib.
Hazırda elektrik enerjisi dayandırılmış və kabelləri sökülmüş dirəyin nə vaxt yenidən elektrik şəbəkəsinə qoşularaq normal işıqlandırmanı təmin edəcəyi hələlik məlum deyil.

