SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Üzərlik – xalq təbabətinin faydalı bitkisi, yoxsa hüquqi problem?

Üzərlik – xalq təbabətinin faydalı bitkisi, yoxsa hüquqi problem?

Hər birimizin evində rast gəlinən və illərdir xalq təbabətində istifadə olunan üzərliklə bağlı  (lat. Peganum harmala) Azərbaycan Ədliyyə Nazirliyinin yaydığı məlumat sosial mediada ciddi müzakirə predmetinə çevrilib. Nazirlik xarici ölkələrə səfər edən, eləcə də həmin ölkələrdən Azərbaycana gələn vətəndaşlara üzərlik bitkisini, toxumlarını, ekstraktlarını və ya digər formalarını üzərlərində daşımamağı tövsiyə edib.

Nazirliyin məlumatında bildirilib ki, üzərlik bitkisinin tərkibindəki bəzi alkaloid maddələr – xüsusilə psixotrop təsirə malik olan harmalin, harmin və digər birləşmələr – bir sıra ölkələrdə dövriyyəsi məhdudlaşdırılan və ya tam qadağan olunmuş maddələr siyahısına daxildir.

Xüsusilə "nəzərə qarşı" yandırılması ilə tanınan bu bitki təkcə Azərbaycanda deyil, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrində də geniş yayılıb. Yurd.Media üzərliklə bağlı Azərbaycan vətəndaşlarının problem yaşaya biləcəyi ölkələr barədə məlumatı təqdim edir.

Üzərlik bitkisinin tərkibində psixoaktiv təsirə malik harmin və harmalin adlı maddələr var. Bunlar MAO inhibitorları kimi təsir göstərir və bəzi hallarda psixotrop qarışıqlarda istifadə edilir. Bu səbəbdən də bir sıra ölkələrdə – xüsusilə də Avropa və Şimali Amerikada – bitkinin istifadəsi tam nəzarət altına alınıb.

Hansı ölkələrdə qadağandır?

Rusiyada 2024-cü ildən üzərlik bitkisinin hətta fərdi məqsədlə – məsələn, bağ sahəsində əkilməsi belə qadağan edilib. Rusiya qanunvericiliyinə əsasən, Peganum harmala bitkisinin tərkibindəki maddələr narkotik vasitələr siyahısına daxil edilib. Bitkinin ölkəyə gətirilməsi, satışı və istifadəsi isə RF Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cəzalandırılır.

Belarus da üzərliklə bağlı sərt mövqe sərgiləyən ölkələrdən biridir. Burada bitkinin istər xammal, istərsə də bioloji aktiv əlavələr formasında gətirilməsi və saxlanması qanunla yasaqlanıb. Ölkədə bu bitkinin tərkibindəki maddələr xüsusilə təhlükəli psixotroplar kateqoriyasına daxil edilib.

Qırğızıstandan Rusiyaya səyahət edən şəxslərin özü ilə üzərlik aparması qadağandır. Bu barədə yerli hökumət öz vətəndaşlarına xəbərdarlıq da edib. Bu qaydanın pozulması ciddi hüquqi nəticələrə səbəb ola bilər.

Eyni zamanda, Fransa, Almaniya, Kanada, Latviya və Litva kimi ölkələrdə də üzərlik bitkisi ya qadağan olunub, ya da ciddi məhdudiyyətlərə tabedir. ABŞ və Almaniyada isə bitkinin özü qadağan olmasa da, onun psixotrop məqsədlə istifadəsi hüquqi problem yarada bilər.

Xalq təbabəti ilə hüquq arasında sərhəd

Azərbaycanda əsrlərdir xalq təbabətində istifadə olunan üzərlik haqqında inanclar az deyil. Onun baş ağrısını azaltması, sakitləşdirici təsir göstərməsi və mənfi enerjidən qoruması inancı geniş yayılıb. Lakin bu cür inanclarla müasir hüquq sistemi arasında sərhədlərin qarışdırılması bəzən vətəndaşlar üçün gözlənilməz nəticəyə səbəb ola bilər.

Qeyd edək ki, xaricə səfər etməzdən öncə həmin ölkənin qanunvericiliyini araşdırmaq cinayət məsuliyyətinə cəlb olunmağın qarşısını ala bilər. 

Prime Leasing