Azərbaycan və region üçün strateji əhəmiyyət daşıyan, su təsərrüfatı sahəsində açıq dialoq və praktiki əməkdaşlıq imkanları yaradan Bakı Su Həftəsi (“Baku Water Week”) öz işinə başlayıb.
Yurd.Media xəbər verir ki, dünyada su ehtiyatlarının azalması və iqlim dəyişikliklərinin təsiri bəşəriyyətin qarşısında duran ən böyük çağırışlardan biridir. Azərbaycan üçün də su təhlükəsizliyi prioritet istiqamətlərdən biridir. Dövlət tərəfindən həyata keçirilən layihələr bu sahədə davamlı inkişafı təmin etməyi hədəfləyir.
Son illər Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən olunmuş təxirəsalınmaz tədbirlər çərçivəsində ölkədə bir sıra mühüm layihələr həyata keçirilib: suvarma sistemlərinin yenilənməsi, yeni su anbarlarının tikintisi, irriqasiya sistemlərinin bərpası, duzsuzlaşdırma texnologiyalarının tətbiqi, o cümlədən Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə pilot layihələr.
“Baku Water Week” məhz bu kontekstdə ölkəyə yeni həllər, avadanlıqlar və qabaqcıl yanaşmalar gətirərək, su təsərrüfatında texnoloji yeniliklərin tətbiqinə və dayanıqlı idarəetməyə stimul verir. Azərbaycan və region üçün strateji əhəmiyyət daşıyan, su təsərrüfatı sahəsində açıq dialoq və praktiki əməkdaşlıq imkanları yaradan Bakı Su Həftəsi bu il də yerli və xarici iştirakçılar üçün konkret fayda və real imkanlar təqdim etməyə hazırlaşır.
Bakı Su Həftəsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil edilir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı Su Həftəsindən bəhs edərkən bu tədbirin yeni imkanların yaranmasına və qarşılıqlı əməkdaşlıqların qurulmasına şərait yaradacağından ümidvar olduğunu bildirmişdir:
“İnanıram ki, Bakı Su Həftəsi dövlət qurumları ilə yanaşı, özəl sektora və mütəxəssislərə yeni ideyalar əsasında problemlərin həlli üçün innovativ üsullar tapmaq imkanı yaradacaqdır. Bakı Su Həftəsi yeni təşəbbüslər və səmərəli işgüzar əlaqələrin qurulması, ölkəmizdə su ehtiyatlarının idarə olunmasında effektivliyin artırılmasına yeni töhfələr verəcəkdir.”
“Baku Water Week”də Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Böyük Britaniya, Çexiya, İsrail, İsveçrə, Hindistan, Macarıstan, Türkiyə, Serbiya, Səudiyyə Ərəbistanı və Sinqapuru təmsil edən 70-dək şirkət və nümayəndə heyətləri iştirak edir.
Səudiyyə Ərəbistanının enerji və su sahəsində ixtisaslaşmış aparıcı şirkətlərindən olan “ACWA Power” “Baku Water Week”in baş sponsoru qismində çıxış edir.
Sərgidə təqdim olunan məhsul və xidmətlər çoxşaxəlidir: analiz və laboratoriya texnologiyaları; bank xidmətləri; borular və boru kəməri avadanlığı və məhsulları; bulud toxum səpmə texnologiyaları; daşqınlardan qorunma texnologiyaları və sahilbərkitmə işləri; drenaj üçün avadanlıqlar; elmi-tədqiqat institutları; hidrotexniki qurğular; içməli suların emalı; su təchizatı və kanalizasiya; su təchizatı və su təsərrüfatında inşaat və qazma texnikası və avadanlığı; su təchizatı və su təsərrüfatında ölçmə, tənzimləmə və nəzarət texnologiyaları; su təsərrüfatı obyektlərinin layihələndirilməsi və tikintisi; su təsərrüfatında informasiya və kommunikasiya texnologiyaları; su təsərrüfatında süni intellekt; su təsərrüfatında təhsil, elmi araşdırmalar; suvarma sistemləri; suyun duzsuzlaşdırılması texnologiyaları; tullantı və yağış sularının axıdılması və emalı sistemləri.
“Baku Water Week 2025” çərçivəsində zəngin işgüzar proqram təqdim olunmuşdur. Burada su ehtiyatlarının idarə edilməsi, sudan səmərəli istifadə, qlobal iqlim dəyişikliyi, su təhlükəsizliyi, su təsərrüfatı sahəsində innovativ yanaşmalar, su diplomatiyası, eləcə də yeni su texnologiyaları və təcrübələri kimi mövzular gündəmdə olacaqdır və sahə ilə bağlı mühüm təşəbbüslər yer alır.
Tədbirin ilk günü təqdimat zonasında “Su təmizlənməsi üçün kompleks həllər” və “Su təchizatı və tullantı sularının obyektlərinin kompleks mühəndisliyi vasitəsilə zəmanətli nəticələrin əldə edilməsi” adlı təqdimatlar, "Qlobal iqlim dəyişikliyi: Azərbaycanda quraqlıq risklərinin idarəolunması" adlı keys sessiyası, “Xəzər dənizinin mövcud vəziyyəti, problemləri və həll yolları” adlı ekspert sessiyası, həmçinin “Tullantı sularının dayanıqlı idarəolunması - COP29 məqsədləri yolunda” adlı sessiya keçiriləcəkdir.
Foto: Sadıq Əliverdibəyli