SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Şəxsiyyət vəsiqəsinin forması və üzərindəki məlumatların dairəsində dəyişiklik ediləcək

Şəxsiyyət vəsiqəsinin forması və üzərindəki məlumatların dairəsində dəyişiklik ediləcək

  • 02 iyul 2025, 20:03

Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsinin formasında və üzərində olan məlumatların dairəsində dəyişiklik ediləcək.

Yurd.Media xəbər verir ki, bu, Milli Məclisin iyulun 4-də keçiriləcək iclasının gündəliyinə daxil edilən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Təqdim olunan qanun layihəsi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 9303 nömrəli standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə hazırlanıb.

Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi səyahət sənədi kimi də (Türkiyəyə münasibətdə) istifadə olunur.

Layihəyə əsasən, şəxsiyyət vəsiqəsinin üzərində şəxsin ünvanı barədə məlumatın əks olunmaması vəsiqənin istifadəsi üzrə bəzi çətinliklərə səbəb olur. Buna görə də şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibinin yenilənməsi təklif olunur. Belə ki, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə edilir. Eyni zamanda, elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatların saxlanılması təklif olunur.

Təklif edilən digər dəyişiklik ondan ibarətdir ki, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, AMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə saxlanılacaq və kriptoqrafik mühafizə olunacaq. Şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların kriptoqrafik mühafizəsi, onların məxfiliyinin, bütövlüyünün və icazəsiz müdaxilədən qorunmasının təmin olunması məqsədini daşıyır.

Qanun layihəsində vəsiqənin verilməsi qaydalarına da dəyişikliklər təklif olunur. Vəsiqə dəyişdirilməli olan hallara yaşayış yerinin dəyişməsi əlavə olunur. Bundan başqa Əgər vəsiqə və ya elektron daşıyıcısında texniki və ya məzmunla bağlı səhv aşkar edilərsə, düzəlişin dövlət rüsumu tutulmadan həyata keçirilməsi nəzərdə tutulur.

Beləliklə, təklif olunan bu dəyişikliklər şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların daha müasir sistemlərdə, təhlükəsiz və çevik şəkildə idarə olunmasını, həmçinin sənədləşmə prosedurlarının və xidmətlərin vətəndaş üçün sadələşdirilməsini təmin edəcək.

Prime Leasing