SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Saniyələrin hesablandığı ünvan: Xüsusi Riskli Xilasetmə Xidməti necə işləyir? - FOTO

Saniyələrin hesablandığı ünvan: Xüsusi Riskli Xilasetmə Xidməti necə işləyir? - FOTO

Fövqəladə Hallar Nazirliyinin əsas struktur qurumlarından biri olan Xüsusi Riskli Xilasetmə Xidməti insanların həyatının xilas edilməsi üçün ən çətin və təhlükəli şəraitlərdə fəaliyyət göstərən xüsusi hazırlıqlı qurumlardan biridir.

Xüsusi Riskli Xilasetmə Xidmətinin əsası 2008-ci ildə qoyulub. Xidmətin fəaliyyətini tənzimləyən əsasnamə isə 3 aprel 2009-cu ildə təsdiq edilib. Xidmət fövqəladə hadisələrə çevik reaksiya verilməsi, xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarının aparılması, zərərçəkmişlərə ilkin və təxirəsalınmaz yardım göstərilməsi, eləcə də strateji əhəmiyyətli obyektlərin öz səlahiyyətləri daxilində mühafizəsi kimi mühüm vəzifələri həyata keçirir.

Yurd.Media əməkdaşları FHN-nin Xüusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayonun yerləşən bölmələrindən birində olaraq, xilasedicilərin gündəlik fəaliyyəti, hazırlığı, istifadə etdikləri texnika və çağırış zamanı gördükləri işlərlə yaxından tanış olub.

Bölmə rəisi, kiçik gizir Soltanməcid Cabbarovun sözlərinə görə, Bakı şəhəri üzrə Xüsusi Riskli Xilasetmə Xidmətinin bir neçə operativ bölməsi fəaliyyət göstərir. Bölmələr şəhərin müxtəlif ərazilərində elə yerləşdirilib ki, hadisə baş verdikdə çağırışa ən yaxın məntəqənin əməkdaşları cəlb oluna bilsin.

Bölmə rəisi bildirir ki, məqsəd hadisə yerinə mümkün qədər qısa müddətdə çatmaqdır.

“Xidmət 24 saatlıq növbəli rejimdə fəaliyyət göstərir. Əməkdaşların növbəsi növbənin qəbulu, texnika və avadanlıqların yoxlanılması ilə başlayır. Növbə ərzində həm istirahət, həm də zəruri hallarda yuxu üçün şərait yaradılıb. Lakin çağırış daxil olduğu anda əsas məqsəd mümkün qədər qısa müddətdə hazırlıqlı vəziyyətə keçərək hadisə yerinə yola düşməkdir”, – deyə bölmə rəisi qeyd edib. Onun sözlərinə görə, gündüz saatlarında əməkdaşların çağırışa hazırlıq müddəti təxminən 1 dəqiqə, gecə saatlarında isə 2 dəqiqə təşkil edir.

Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyətində operativliyin təmin olunması üçün müxtəlif təyinatlı xüsusi texnika və avadanlıqlardan istifadə edilir.

Bölmə rəisi bildirib ki, bölmələrin texniki imkanlarına xüsusi xilasetmə avtomobilləri, müxtəlif təyinatlı nəqliyyat vasitələri, motosikletlər, axtarış-xilasetmə avadanlıqları, hidravlik kəsici və genişləndirici qurğular, rabitə vasitələri, fərdi mühafizə vasitələri və digər xüsusi avadanlıqlar daxildir.

“Hadisənin xarakterindən asılı olaraq müxtəlif texnika və avadanlıqlardan istifadə olunur. Məsələn, yol-nəqliyyat hadisələri zamanı avtomobildə sıxışıb qalan şəxsin çıxarılması üçün xüsusi hidravlik alətlərdən istifadə edilir. Dağıntılar zamanı isə axtarış-xilasetmə avadanlıqları, xüsusi alətlər və digər texniki vasitələr tətbiq olunur. Məqsəd həm zərərçəkmişə mümkün qədər tez çatmaq, həm də xilasedicinin təhlükəsizliyini təmin etməkdir”, – deyə bölmə rəisi bildirib.

Bölmə rəisi, kiçik gizir Soltanməcid CabbarovBölmə rəisi, kiçik gizir Soltanməcid Cabbarov

Xidmət əməkdaşlarının fəaliyyəti yalnız yol-nəqliyyat hadisələri və dağıntılarla məhdudlaşmır. Onlar yanğın zamanı insanların təxliyəsi, partlayış və uçqunlar nəticəsində dağıntılar altında qalan şəxslərin axtarışı, mənzildə köməksiz vəziyyətdə qalan insanların xilas edilməsi və digər fövqəladə hadisələr zamanı əməliyyatlara cəlb olunurlar.

Bölmə rəisinin sözlərinə görə, ən çətin əməliyyatlardan biri dağıntılar altında insanların axtarılması və xilas edilməsidir. Belə hallarda hər saniyə əhəmiyyət daşıyır və əməkdaşlar yüksək riskli şəraitdə koordinasiyalı şəkildə fəaliyyət göstərirlər.

“Dağıntı altında insanın olub-olmamasını müəyyən etmək, təhlükəli konstruksiyalar arasında hərəkət etmək və zərərçəkmişi təhlükəsiz şəkildə çıxarmaq xüsusi hazırlıq tələb edir. Burada həm vaxt, həm də düzgün qərarvermə çox vacibdir. Xilasedici ilk növbədə öz təhlükəsizliyini təmin etməklə yanaşı, zərərçəkmişin həyatının xilas edilməsinə çalışır”, – deyə rəis vurğulayıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları daim fiziki və peşəkar hazırlıq keçirlər. Təlimlər zamanı müxtəlif fövqəladə hadisələr imitasiya olunur, əməkdaşların operativ qərarvermə, axtarış-xilasetmə, qəza zamanı fəaliyyət və ilkin yardım bacarıqları təkmilləşdirilir.

Çəkiliş zamanı xidmət əməkdaşlarının fəaliyyətinin ən məsuliyyətli mərhələlərindən birini də izləmək imkanımız oldu – çağırışa çıxış.

Nəsimi metro stansiyasının yaxınlığında yerləşən köhnə poliklinika binasında yanğın baş verməsi ilə bağlı çağırış daxil oldu. Əməkdaşlar qısa müddət ərzində hazırlıqlı vəziyyətə keçərək hadisə yerinə yola düşdülər.

Belə məqamlarda xilasedici avtomobilinin hadisə yerinə çatma sürəti həyati əhəmiyyət daşıyır. Lakin Bakı yollarında sıxlıq və tıxac bəzən operativ nəqliyyat vasitələrinin hərəkətinə mane olur.

Bölmə rəisi sürücülərə müraciət edərək bildirir ki, xüsusi səs və işıq siqnalları ilə hərəkət edən xilasedici avtomobilinə yol verilməsi sadəcə yol hərəkəti qaydası deyil, bir insan həyatının xilas edilməsinə birbaşa təsir göstərə biləcək məsələdir.

“Çağırış zamanı bizim üçün hər saniyə önəmlidir. Xilasedici avtomobilinin qarşısında sıxlıq yarandıqda hadisə yerinə çatma müddəti uzana bilər. Sürücülər xüsusi səs və işıq siqnallarını gördükdə və eşitdikdə mümkün qədər təhlükəsiz şəkildə yol verməlidirlər. Çünki həmin avtomobilin getdiyi ünvanda insan həyatı təhlükə altında ola bilər”, – deyə bölmə rəisi bildirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyəti bir daha göstərir ki, fövqəladə hadisələr zamanı nəticənin necə olmasında yalnız xilasedicinin hazırlığı və texniki imkanları deyil, cəmiyyətin də davranışı mühüm rol oynayır.

Bir tərəfdə saniyələr ərzində çağırışa hazır vəziyyətə gələn xilasedicilər, digər tərəfdə isə onların hadisə yerinə çatmasını gözləyən insanlar var. Bu prosesdə bəzən bir neçə saniyə belə insan həyatının xilas edilməsində həlledici ola bilər.

FOTO: Sadıq Əliverdibəyli

Bölmə rəisi, kiçik gizir Soltanməcid Cabbarov
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları