Siyəzədə "Sağlam gənclik, sağlam gələcək” adlı geniş tərkibli maarifləndirici tədbir keçirilib.
Yurd.Media xəbər verir ki, Siyəzən Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirin əsas məqsədi gənclərin sağlam həyat tərzinə təşviqi, vətənpərvərlik ruhunun gücləndirilməsi və çağırışaqədərki hazırlıq sahəsində məlumatlılığın artırılması olmuşdur.
Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi, polkovnik-leytenant Füzuli İsmayılov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, təhsil işçiləri, müəllimlər, gənclər, yuxarı sinif şagirdləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Novruz Novruzov bildirib ki, sağlam düşüncəli, vətənpərvər və savadlı gənclik ölkənin dayanıqlı inkişafının əsas təminatıdır.
Rayon İcra Hakimiyyətinin başçısı xüsusilə Siyəzən gənclərinin vətənpərvərliyini və fədakarlığını vurğulayaraq, 44 günlük Vətən müharibəsi dövründə onların böyük ruh yüksəkliyi ilə ordu sıralarına qoşulmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinə izdihamla müraciət etmələrini qürur hissi ilə xatırladıb.
Daha sonra çıxış edən digər rəsmi şəxslər və mütəxəssislər çağırışaqədərki hazırlığın əhəmiyyəti, hərbi vəzifə və hərbi xidmət sahəsində mövcud qanunvericilik, gənclərin fiziki və mənəvi hazırlığının gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat vermiş, iştirakçıların suallarını cavablandırmışlar.
Tədbir çərçivəsində işgüzar və səmərəli maarifləndirmə aparılmışdır.
Tədbirin bədii hissəsində rayon məktəblilərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmiş, musiqi nömrələri təqdim olunmuşdur. Gənclərin çıxışları iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.